22 May 2023 17:38
2 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin avqust ayından başlayaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və münasibətlərin normallaşmasına dair bir mətn üzərində müzakirə aparılır. Bu mətndə əsas şərt ondan ibarətdir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır. Son aylardakı hadisələr göstərdi ki, bu məsələdə bir çox istiqamətlər var. Həmin istiqamətlərdə Azərbaycan və Ermənistan arasında fikir ayrılığı və tərəflərin ortaq məxrəcə gəldiyi məsələlər mövcuddur.

Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

O hesab edir ki, burada əsas məsələ Ermənistan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanınmasıdır:

“Bunu hər kəs də belə bilməlidir. Burada Zəngəzur dəhlizi haqqında danışarkən delimitasiya və demarkasiya məsələlərini müzakirə edərkən, münasibətlərin nizamlanmasından bəhs olunarkən bilinməlidir ki, Azərbaycanla Ermənistan arasında münaqişənin kökü məhz Ermənilərin Azərbaycan torpaqlarına iddiaları ilə bağlıdır. Bu iddialara son qoymaq üçün Ermənistan höküməti Azərbaycanın ərazi bütövlüyünü konkret rəqəmlərlə tanıdığını qeyd etməlidir. Danışıqlar da məhz bu istiqamətdə gedirdi. Məhz bu yöndə biz Nikol Paşinyandan Azərbaycanın 86,6 min kv km ərazisini tanıdığını eşitmiş olduq. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa çox yaxındır”.

Politoloqun fikrincə, əslində N.Paşinyanın tez bir zamanda sülh müqaviləsini imzalaması gözlənilmir:

“Amma onun bu faktı etiraf etməsi prosesin gedişində mühüm irəliləyişdir. Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşdə isə bu məsələlərə bir qədər fərqli rakursdan yanaşılıb. Sülh müqaviləsi ilə bağlı sənədin imzalanması gələcəyə saxlanlııb. Rusiya tərəfi bu iddia ilə çıxış edib ki, ilk növbədə Zəngəzur dəhlizinin dəmir və yaxud avtomobil yolu məsələsi həllini tapmalıdır. Bununla yanaşı sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə başlanılmaldır. Çünki delimitasiya və demarkasiya uzun vaxt aparan bir məsələdir. Tez bir zamanda Azərbaycanın Ermənistanla sərhədlərinin dəqiqləşməsi prosesini həll etmək mümkün deyil”.

Zaur Məmmədov bildirib ki, Zəngəzur dəhlizindən keçəcək dəmir və avtomobil yolunun açılmasına Azərbaycan hazırdır:

“Bu məsələ indiki halda Rusiya və Ermənistan arasında olan bir işdir. Çünki Qərbin və Rusiyanın Zəngəzur dəhlizinə yanaşması fərqlidir. Ermənistanın isə Qərbin yaxud Rusiyanın versiyasını seçəcəyi gözlənilmir. Fakt odur ki, Ermənistan vaxtı uzatmaqla məşğuldur. Əgər Ermənistan Rusiya variantını seçsə Qərblə, əksinə Qərb variantını seçməklə Rusiya ilə problemlər yaşayacaq. Belə olan təqdirdə Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni və Qarabağın Azərbaycanın tərkib hissəsi olması məsələsinin Ermənistan tərəfindən tanınması prosesi sürətlənməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər