27 May 2023 09:05
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Proqnozların əksinə olaraq, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşü həm qısa çəkdi, həm də ehtimal olunan sənədlər imzalanmadı. Sizcə, görüşün cəmi 20 dəqiqəyə sığışdırılması nə ilə əlaqəli oldu?

- Əslində, bu görüşdən əvvəl ciddi bir nəticənin əldə olunmayacağı gözlənilirdi. Nikol Paşinyanın özü də bunun ciddi nəticələrinin olmayacağını deyərək Moskvaya getmişdi. Rusiya görüşdə iki ölkənin məşğul olduğu məsələlərdən çox öz maraqlarına diqqət çəkdi. Görüşdən əvvəl Rusiyanın bir əndrəbadi açıqlaması da olmuşdu. Paşinyan Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyəndə Mariya Zaxarova bildirdi ki, Rusiyada bu məsələ ilə bağlı Ermənistan baş nazirindən fərqli düşünürlər. Yəni “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımırıq” anlamına gələ biləcək bir ifadə işlətdi.

Üstəgəl, sülh müqaviləsindən çox kommunikasiya xətlərinin açılması və müəyyən qədər də sərhədlərin delimitasiyası ilə bağlı fikirlər səsləndirildi. Bu görüşün nəticə verməyəcəyini göstərən bir faktor da o oldu ki, sanki Putin tələsirdi. Üçtərəfli görüşü Avrasiya İqtisadi Birliyinin toplantısı ilə eyni günə salmışdı. Buna görə də nə ciddi müzakirələr aparıldı, nə də razılaşdırılması zəruri olan məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Ötəri şəkildə Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinə və Zəngəzur dəhlizi məsələsinə diqqət yetirildi. Paşinyan bu məsələləri də “mübahisə obyekti” kimi qaldırdı ki, guya Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması 10 noyabr bəyanatında göstərilməyib. Bu, doğru yanaşma deyil.

Nikol Paşinyan görüşdən əvvəl də açıq şəkildə demişdi ki, Moskvada bir nəticəyə gəlinəcəyinə inanmır. Ona görə də bu görüşə səthi yanaşdı. Azərbaycan prezidentinin də fərqli gözləntisinin olduğunu düşünmürəm. Sadəcə Azərbaycan Qarabağla bağlı həqiqətləri vasitəçi kimi Rusiyaya çatdırdı. Məsələn, Qarabağda Azərbaycan toponimlərinin erməniləşdirilməsi və keçmiş Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin gələcəkdə də ölkəmizin vətəndaşları olacağından söz açmaqla öz mövqeyini Rusiya rəhbərliyinə bildirdi.

Beləliklə, əvvəldən də gözlənildiyi kimi heç bir sənəd imzalanmadı. Bütün bunlar göstərir ki, tərəflər əsas ümidlərini Brüssel prosesinə yönəldiblər. Əsas razılaşmalar Qərb masasında əldə ediləcək kimi görünür.

- Son görüşdə məlum oldu ki, Zəngəzur dəhlizi ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları var. Belə olan halda mövqelər hansı formada yaxınlaşdırıla bilər?

- İlk növbədə, məsələnin mürəkkəbliyi ondadır ki, Ermənistan bu xəttin dəhliz kimi tanınmasını istəmir. Yəni burada özünün nəzarət-buraxılış məntəqəsinin qoyulmasını istəyir. Amma orada bir problem də var ki, Zəngəzur istiqamətində Ermənistan-İran sərhədini Rusiya sərhədçiləri qoruyur. Məncə, indi Paşinyanın istəyi budur ki, Rusiya sərhədçiləri oradan çıxsın və sərhəd boyu Ermənistan sərhəd qüvvələri yerləşdirilsin. Paşinyan son zamanlarda tez-tez suverenlik və ərazi bütövlüyü məsələlərindən danışır. Xüsusən də Zəngəzur yolundan danışarkən bu məsələlərə vurğu edir. Yəni o istəyir ki, bu xəttə bütün nəzarət Ermənistanda olmalıdır.

Məncə, Zəngəzurda dəmir və şose yollarının çəkilməsinə əngəl olan əsas amillərdən biri Rusiyanın sərhəd qüvvələrinin burada yerləşməsidir. Hətta Zəngəzur dəhlizinə Rusiyanın nəzarət edəcəyi barədə dəfələrlə açıqlamalar verilib. Ortada bir anlaşma yoxdur, amma Rusiya indidən nəzarətdən danışır. Bu da açıq olmasa da, qapalı formada gərginliyə səbəb olan amillərdən biridir.

- İndi bizi qarşıda Kişinyov və Brüssel görüşləri gözləyir. Bəs Qərbdəki müzakirələrdən bir nəticə əldə edilə bilərmi?

- Moskvada həm İlham Əliyev, həm də Nikol Paşinyan bildirdi ki, sülhyaratma prosesi irəliləyir, müəyyən məsafə qət edilib və bu irəliləyişin müsbət sonluqla yekunlaşacağı şübhə doğurmur. Görünən budur ki, Kişinyovda sülh məsələsi ilə bağlı prinsipial razılaşma əldə edilə bilər. Əlbəttə, orada sülh sazişinin dərhal imzalanması nəzərdə də tutulmur, eyni zamanda, inanmıram ki, bu məsələ belə tezliklə həll olunsun. Amma iyulda yenə Brüsseldə görüş planlaşdırılıb. Brüssel görüşündə daha ciddi nəticələrin əldə ediləcəyini proqnozlaşdırmaq mümkündür. Rusiyadan fərqli olaraq, birgə hərəkət edən ABŞ və Avropa Birliyi öz maraqlarını ön planda tutmadıqlarına görə sülh prosesi Qərb masasında daha sürətlə irəliləyə bilər. Qərbdə hər iki tərəfin maraqlarına uyğun sülh sazişinin imzalanması mümkündür.

Məncə, Moskvada proses üzdən getdi. Tərəflər Moskva görüşünə həvəssiz idilər. Xüsusən Ermənistan tərəfi daha həvəssizdi. Sanki Rusiyanın özü də tələsirmiş kimi məsələlərə dərindən yanaşmağa meylli kimi görünmədi. Bu da Rusiyanın Cənubi Qafqazla bağlı ciddi iddialarının olması ilə əlaqəlidir. Rusiya bölgəyə sanki “öz ərazisi” kimi baxır. Açıq formada deməsələr də, işarələrlə çatdırmağa çalışırlar. Moskva görüşündə müsbət anlaşmaların əldə edilməməsinin əsas səbəbkarı elə Rusiyanın özüdür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər