28 May müstəqilliyimizin tarixində ən şərəfli zirvədir. Hər xalqa müstəqillik nəsib olmur. Sayı bizlərdən on dəfələrlə çox olan xalqlar var, ancaq onların çoxunun müstəqilliyi yoxdur. Xoşbəxtik ki, dünyanın 200-ə qədər müstəqil dövlərləri sırasında biz də varıq. 105 il öncə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla, Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Qürurla qeyd edirik ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay mövcudluğu dövründə Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib: “Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilib. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunub”.
Millət vəkili hesab edir ki, dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı: “Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. Xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Bu baxımdan 28 may – Müstəqillik Günü müstəqillik tariximizdə müstəsna rola malikdir: "1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. Çox təəsüflər olsun ki, müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Məhz Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı”.
Deputat bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisi və memarı, Prezident İlham Əliyev isə bütöv Azərbaycanın banisi və memarı kimi adlarını müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıblar: “Bu gün Azərbaycan dünyada analoqu olmayan dinamik inkişaf nümayiş etdirir. Ölkədə bütün istiqamətlərdə davamlı və ardıcıl işlər görülür. Bunu xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasında görə bilərik. Bütün dünya Azərbaycanın Qarabağda gördüyü qruculuq və bərpa işlərini heyranlıqla izləyir. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Nəzərə alsaq ki, işğaldan azad olunan ərazilər 4 Lüksemburq və 1 Livanın ərazisinə bərabərdir, onda görülən işlərin həcmi daha da heyranlıq oyadır. Vətən müharibəsində Azərbaycanın yaratdığı yeni reallıq isə regionun və dünyanın siyasi gündəliyini tamamilə dəyişdirib. Azərbaycan söz sahibinə çevrilib. Bu gün güc amili ön plandadır, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq. Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək, həm gücünü, həm də ləyaqətini bütün dünyaya nümayiş etdirib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”.
Tamam Cəfərova hesab edir ki, Prezident İlham Əliyevin fəaliyyəti dövründə də dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirilib: “Bu baxımdan qeyd etməliyik ki, 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində və eləcə də dövlətçilik ənənələrinə sadiqlik baxımından mühüm əhəmiyyət kəsb edir.
Bir daha Müstəqillik Günü münasibətilə başda cənab Prezident İlham Əliyev, Birinci vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla Azərbaycan xalqını təbrik edir, dövlət müstəqilliyimizin əbədi və əzəli olmasını arzu edirəm”.