1 İyun 2023 09:19
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyev ötən günlərdə separatçı rejimi özünü buraxmağa və Azərbaycana təslim olmağa çağırdı. ABŞ Dövlət Departamentindən Azərbaycan liderinin bu tələbinə dəstək gəldi. Ermənistan baş nazirinin də Qarabağı ərazimizin bir hissəsi kimi tanıdığını da nəzərə alsaq, ABŞ-ın bu mesajını necə şərh etmək olar?

- ABŞ-ın proseslərə birbaşa təsir vasitələri olmasa da, digər vasitələrlə prosesin idarə olunmasında iştirak edir. Yəni danışıqların rəvan getməsinə, regionda sülh və stabilliyin yaranmasına dəstək verməyə çalışır. Kənar aktorlardan (Rusiya və Avropa Birliyi) yalnız ABŞ regionda sülhün bərqərar olmasında maraqlıdır. Bölgədə sülh və stabillik Avropa Birliyinin marağında deyil. Avropa Birliyi bölgədəki gərginlikdən istifadə edərək, burada daha da genişlənmək istəyir. Fransa isə, ümumiyyətlə, birbaşa regionda yerləşməyə çalışır.

Rusiyaya gəlincə, hazırda regionda nə sülh, nə də müharibə onun marağındadır. Hazırda Rusiyanın prosesin dondurulması və bunun başının açılmasına qədər belə getməsinə dair bir mövqeyi var. Azərbaycan bölgədə sülh və stabillik məsələsini Rusiyanın ən güclü vaxtında – hələ Ukraynaya müdaxilə edib özünə problemlər yaratmamışdan əvvəl həll etmişdi. Cənubi Qafqazın üç ölkəsindən də yalnız Azərbaycana sülh və stabillik vacibdir. Ermənistanın nə istədiyi sualının cavabı yoxdur. Ermənistan daxilindəki üç qruplaşmanın hərəsinin öz yanaşması var. ABŞ-dakı lobbiyə bağlı qruplaşmanın yanaşması radikaldır, Rusiya və digər lobbilərə bağlı olanların isə ayrı fikirləri var.

Gürcüstana gəlincə, bölgədə sülh və stabillik kommunikasiyaların taleyi baxımından onun üçün maraqlı olsa da, bölgədə gərginliyin qalması onun marağında olmalıdır. Çünki Gürcüstan bölgədə Ermənistanla Azərbaycan arasındakı 30 illik konfliktdən əsas qazanan tərəf idi. Həm iqtisadi, həm də siyasi qazancları olub. Azərbaycan öz ərazilərini azad etdikdən sonra Gürcüstanın regiondakı rolu ikinci plana keçdi. Çünki Gürcüstan ötən illərdə siyasi platforma rolunda çıxış edirdi və bundan da qazanırdı. İndiki marağı isə tamam fərqlidir.

- O hansı maraqdır?

- İndiki marağında həm də öz ərazilərindəki (Abxaziya və Cənubi Osetiyada) separatçı rejimlərlə hesablaşmaq istəyi var. Buna görə də burada sülhün olub-olmaması ona maraqlı və lazım deyil.

ABŞ-ın Ermənistan-Azərbaycan prosesinə yanaşmasına gəlincə, dediyim kimi, birbaşa olmasa da, prosesə kənar təsir alətləri var. Bunlara da əsasən diplomatik və informativ təsir alətləri daxildir. Məsələn, 2016-cı il Aprel döyüşlərindən sonra ABŞ Dövlət Departamenti Serj Sərkisyanın razılaşması və döyüşlərin dayandırılması ilə bağlı bir məlumat sızdırmışdı. Həmin məlumatda deyilirdi ki, bunun əsasında Azərbaycan işğaldakı rayonlarını qaytarsaydı, hazırkı mərhələ bir qədər fərqli ola, müharibə olmaya və Ermənistan öz dövlətçiliyini və iqtisadiyyatını bu qədər təsir altında qoymaya bilərdi. Yəni göstərirlər ki, onda belə oldu və Ermənistan bu günə qaldı.

İndi də Zəngəzur dəhlizi və digər məsələlər həllini tapmasa, Azərbaycan anlaşmaların və bunlar üzrə şərtlərinin yerinə yetirilməsi ilə bağlı konkret mövqe qoyub və bunun üçün uzun illər dözmək fikrində deyil. Yəni bunlar ya danışıqlarda həll edilməlidir, ya da bunları Azərbaycan özü edəcək. Bu, hamıya belə izah olunur. Hamı da Cənubi Qafqazda sülh və stabilliyi Azərbaycanın təqdimatı əsasında qəbul edir. ABŞ-ın Rusiya və Avropa Birliyindən fərqi həm də ondadır ki, Amerika bölgədə sülh və stabilliyin Azərbaycanın formalaşdırmasında maraqlıdır. Məsələn, ABŞ Yaxın Şərqdə bunu Türkiyənin etməsini istəyir, Cənubi Qafqazda da Azərbaycanın. Bunun başqa yolu yoxdur, çünki bölgədə bunu edə biləcək ikinci güc yoxdur.

Gürcüstanla münasibətləri yaxşıdır, Ermənistanın başında “Sorosun uşağı” oturub, amma reallıq isə budur ki, sülh və stabillik gücə bağlıdır. Ermənistan və Gürcüstan isə Azərbaycan qədər güclü deyil. Bu səbəbdən də Prezident İlham Əliyevin Kişinyovdakı görüşdən əvvəl Laçından verdiyi son mesaj təsadüfi deyildi və burada maraqları olan hər kəsə ünvanlanmışdı. Dövlət Departamentinin rəsmisinin (Metyu Miller) buna reaksiyası da, “ABŞ bununla razılaşır” anlamına gəlir. Hazırkı situasiyada bölgədə sülh və sabitliyin bərqərar olmasında Azərbaycanın yanaşmasını qəbul edir və bu mövzuda bizimlə hesablaşır. Çünki bunun alternativi yoxdur.

- Masaya baxdıqda mürəkkəb bir durumun yarandığını görürük: bir tərəfdə ABŞ və Avropa Birliyi, digər yanda Rusiya və Ermənistanın ziddiyyətli davranışları. Bütün bunları nəzərə alsaq, sülh müqaviləsinin aqibəti necə olacaq, qarşıda bizi nə gözləyir?

- Sülh müqaviləsi ilə bağlı danışıqlar hələlik mürəkkəbdir. Çünki müqavilə həlli zəruri olan məsələlər çözüldükdən sonra imzalanacaq. İlk növbədə, bunun üçün sərhədlər delimitasiya-demarkasiya olunmalı, Qarabağın dağlıq hissəsindəki separatçı rejim ləğv edilməli və kommunikasiyalar açılmalıdır. Prezident İlham Əliyevin Laçındakı son mesajı da onu göstərdi ki, Rusiya, Avropa Birliyi və ABŞ separatçıların gələcək aqibəti ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparıblar. Ən azı amnistiyaya düşüb-düşməyəcəkləri imkanlarını sorşublar. Heç vaxt təsadüfən heç nə deməmiş Azərbaycan prezidenti bunu belə səsləndiribsə, demək, bu danışıqlar ən yüksək səviyyədə gedir.

Kommunikasiyaların açılması məsələsinə gəlincə, bununla bağlı əsasən Zəngəzur dəhlizi ətrafında bir rəy formalaşıb. Deyim ki, Zəngəzur dəhlizi bölgədə açılacaq kommunikasiya xətlərindən yalnız biridir, orada Mehri dəhlizi də var. Buna “dəhliz”, “yol” və sair deyirik, amma bunlar heç nəyi dəyişmir. Əsas odur ki, Naxçıvan Azərbaycanın əsas hissəsi arasında vətəndaşların rahat gedib-gəlmələri üçün yol açılmalıdır. Ermənistan rəhbərliyi bu yolun açılması ilə bağlı öhdəlik götürməsiylə müharibə bitir. Əgər yol açılmayacaqsa, demək, Ermənistan müharibənin bitmə şərtlərini şübhə altına alır. İndi Ermənistan bunun üçün danışıqlara əməl etməsə, məsələnin həlli üçün alternativ yollara üz tutula bilər. Bu isə bütün bölgə üçün narahatlıq yaradacaq, Ermənistan, onun dövlətçiliyi üçün isə çox böyük problemlər gətirəcək.

Delimitasiya-demarkasiya məsələsinə gəlcikdə, Kişinyovdakı görüşdə bunun üçün Avropa Birliyinin vasitəçiliyi ilə bir komissiyanın formalaşdırıla biləcəyi qənaətindəyəm. Bir sözlə, sülh sazişinin imzalanması üçün həlli vacib olan məsələlərin çözülməsi ilə bağlı paralel proseslər getməlidir. Hesab edirəm ki, Kişinyov görüşündə Azərbaycanı qane edən addım atılmasa, yay üçün başqa ssenarilər olacaq. Bunu Brüssel də, Vaşinqton da bilir.

- Başqa ssenarilər nə ola bilər?

- Delimitasiya-demarkasiya prosesini Azərbaycan özü aparıb. Hansısa effektli addım olmasa, qalan hissələrlə bağlı Azərbaycan özü davam edəcək. Bu, Avropa Birliyinə lazımdır, çünki bu halda regionda genişlənmək istəyəcək. Amma Moskva yollarında qalan Nikol Paşinyan da axırıncı dəfə də qeyd etdi ki, Avropa Birliyinin Ermənistana gəlməsi onun təhlükəsizliyi üçün heç nə verməyib, əvəzində bu ölkəni daha böyük təhlükələrə soxub. Hələ 2021-ci ilin yayında deyirdik ki, Ermənistanın Avropa Birliyindən, konkret olaraq, Fransadan dəstək istəməsi, bu yöndə Makronla danışıqlar aparması Ermənistan üçün dəhşətli nəticələr səbəb olacaq. Çünki Ermənistan bir-birinə zidd mövqedə dayanmış qüvvələri bir bölgədə yerləşdirir. Bu isə o deməkdir ki, Ermənistanı Suriya və İraqın aqibəti gözləyir. Bir-birinə zidd olan qüvvələri bir yerə yığmaq, ancaq Paşinyanın ağlına gələ bilərdi. Ölkəsi üçün kiçik də olsa, bir narahatlığı olan rəhbər bunu etməzdi.

- Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı sənədə və yekun sülh müqaviləsinə imza atsa, bu, nə qədər effektli olacaq? Xüsusən də Rusiya sülhməramlılarının hələ də ərazimizdə qaldığı dövrdə.

- Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə müddətləri 2025-ci ilə qədərdir. Sonrakı mərhələdə hansı ssenarinin olmasından asılı olmayaraq, bu müddət dəyişməyəcək. 2025-ci ildən sonra nə Rusiya sülhməramlılarının, nə də Avropa Birliyi missiyasının Azərbaycan ərazilərindən bir işi ola bilər. Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirmir, yetirə bilmir. Bu o deməkdir ki, onlar buradakı mövcudluqlarını mübahisələndirirlər. Ərazilərimizə silah-sursat daşıyan separatçıları müşayiət etmələri, onlara imkan yaratmaları Rusiya sülhməramlılarının etməməli olduqları şey idi, amma etdilər. Bu kimi addımları da onların burada olma əsaslarını vurur.


Müəllif: Mənsur Rəğbətoğlu