31 May 2023 21:26
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının (ÇXR) Hubey əyalətinin Uhan şəhərində Çin Kommunist Partiyasının (ÇKP) Beynəlxalq əlaqələr şöbəsinin və ÇKP-nin Hubey Əyalət Komitəsinin birgə təşkilatçılığı ilə “Hubey əyalətində Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının praktik nailiyyətləri” mövzusunda təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Çində səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti mərasimdə iştirak edib.

Otuz ölkədən 170-dən çox nümayəndənin qatıldığı təqdimat mərasimində ÇKP-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Liu Ciencao, Çin Kommunist Partiyası Hubey Əyalət Komitəsinin katibi, Hubey Əyalət Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Van Menhuy və başqaları çıxış ediblər. Çıxışlarda Çin Xalq Respublikasının inkişaf yolundan - qazandığı nailiyyətlərdən və qarşıda duran hədəflərdən ətraflı bəhs edilib. ÇXR Sədri, ÇKP-nin baş katibi Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının mahiyyəti və praktiki əhəmiyyəti barədə geniş məlumat verilib. Bununla yanaşı, tədbirdə Çin modernləşməsinin səciyyəvi xüsusiyyətlərindən danışılıb. Qeyd edilib ki, Çin modernləşməsi yeni inkişaf modelidir və xalqların xoşbəxt gələcəyinə hesablanıb. Modernləşmə sivil inkişaf yoludur, ona görə də müasir dövrdə beynəlxalq münasibətlər sistemində hegemonluq və diktə siyasəti qəbuledilməzdir.

Çıxışlarda, həmçinin Hubey əyalətinin sosial-iqtisadi göstəricilərinə nəzər salınıb, yerli resurslardan və yeni texnologiyalardan istifadə etməklə, səmərəli investisiya siyasəti həyata keçirməklə davamlı inkişafın təmin edildiyi qeyd olunub. Bildirilib ki, Hubeyin sürətli yüksəlişi Si Cinpinin Çin səciyyəli sosializm ideyalarının nailiyyəti və real nəticəsidir.

Tədbirdə Hubey əyalətində müxtəlif sahələrdə gerçəkləşdirilən layihələr barədə videotəqdimat nümayiş etdirilib.

Konfransın iştirakçıları Elm və Texnologiya üzrə Huayonq Universitetində olublar. Yüksək texnologiyalar sərgisinə baxış keçirən ziyarətçilər sənayenin müxtəlif sahələrində tətbiq edilən innovasiyalar barədə məlumatlandırılıblar.


Müəllif: Tapdıq Qurbanlı