1 İyun 2023 12:48
2 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi qarşılıqlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir. Görüşdən hər hansı bir nəticə gözlənilməsə də mövqelərin ifadəsi baxımından bu, yaxşı bir platforma olacaq.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, ümumilikdə bu cür müzakirələrin yekununda müəyyən incəliklər, təfərrüatlar aydınlaşmış olur:

“Bu da məsələlərin həllini tapmasına kömək edə biləcək amildir. Amma bu, hələlik o mərhələdə deyil ki, hansısa bir nəticə əldə edilsin”.

Politoloq hesab edir ki, Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü etiraf edən bəyanatlardan sonra Kişinyovda Fransa prezidentinin iştirakı ilə görüşə qatılması xüsusi diqqətə malikdir:

"Çünki bir müddət öncə Azərbaycan Fransanın iştirakı ilə görüşdən imtina etmişdi. İndiki halda Paşinyan Emannuel Makronun yanında Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini, Qarabağın da bizə aid olduğunu etiraf etsə, bu, Fransa ilə münasibətlərin aydınlaşmasına təsir edən bir məsələ olacaq”.

Zərdüşt Əlizadəyə görə, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü etiraf etmədiyi dövrdə Makron çırmanıb ortaya düşmüşdü: “Makron 3 qəpiklik qutab kimi ortalıqda idi, elə hey bəyanatlar verirdi ki, Azərbaycanı erməniləri incitdiyi üçün cəzalandırmaq lazımdır. Paşinyanın məlum etirafından sonra isə Fransanın canfəşanlığının əhəmiyyəti itir. Burada Almaniyanın iştirakı isə danışıqların gedişinə və nəticəsinə heç bir təsiri olmayacaq. Bunu ona görə edirlər ki, Avropa İttifaqı yalnız Şarl Mişeldən və Fransadan ibarət deyil. Digər mühüm oyunçunun Almaniya olduğunu göstərmək istəyirlər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər