Vaşintqon Cənubi Qafqazda sülh, sabitlik və bölgə ölkələri arasında əməkdaşlıqda maraqlıdır. Eyni zamanda, ABŞ bütün sahələrdə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. ABŞ Prezidenti Co Bayden 10 gün ərzində Azərbaycan prezidentinə iki məktub göndərib.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, Bayden 28 May Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda bir necə məqamı önəm çəkib:
“Birincisi, Bayden Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyini, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahələrində yardımı yüksək qiymətləndirib. İkincisi, Bayden İlham Əliyevin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi töhfəni təqdir edib. Üçüncüsü, Bayden Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarması fəaliyyətlərini bundan sonra da dəstəkləyəcəyini bildirib. Dördüncüsü, Bayden Azərbaycanla Ermənistan arasında sülhün vacib olduğunu vurğulayıb.
Co Bayden İlham Əliyevə ikinci məktubunu mayın 31-də göndərib. Həmin məktub Bakıda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində oxunub. Bayden bu məktubunda Azərbaycanın dünyanın enerji təhcizatında vacib rol oynadığını deyib. ABŞ lideri xüsusi olaraq Cənub Qaz Dəhlizi layihəsinin adını çəkib. Ayrıca, Ağ Ev sahibi qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səylərini, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslərindən məmnun qaldığını söyləyib.
Bundan başqa, mayın 30-da Dövlət Departamentinin bəyanatı yayılıb. Bəyanatda ABŞ-ın gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyi qeyd olunub: “Ermənistan və Azərbaycan liderləri həftəsonu Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişdə qalan zorakılığı davam etdirə bilər, konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və ədalətli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.
Bəyanatda diqqətçəkən cümlələrdən biri budur: “Biz bu yaxınlarda Baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və Prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq”.
Bununla Dövlət Departamenti nə demək istəyib?
Elxan Şahinoğlunun ehtimalları belədir:
“Birincisi, Vaşinqton Paşinyanın “Ermənistan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” açıqlamasını yüksək qiymətləndirib. Bu, Azərbaycanın maraqlarına tam uyğundur. İki ölkə arasında sülh sazişinin əsas bəndi Ermənistanla Azərbaycanın bir-birinin ərazi bütövlüklərini tanıması olacaq.
İkincisi, prezident İlham Əliyev Laçında son çıxışında erməni separatçılarına mesaj göndərib. Mesajın mahiyyəti budur ki, erməni separatçıları tərksilah olunsalar, “parlamentlərini” və “hökumətlərini” buraxsalar, onlar amnistiyaya düşə bilərlər. Çünki Azərbaycanda erməni separatçılarının lideri Araik Arutyunyana qarşı cinayət işi açılıb.
İlham Əliyevin amnistiya ilə bağlı açıqlaması Qarabağ erməniləri ilə dialoq imkanlarının da açıq tutulması deməkdir. Ancaq erməni separatçıları İlham Əliyevin şərtlərini qəbul etmək istəmirlər. Bu olmasa, amnistiya reallaşmayacaq, əksinə, Azərbaycan ordusu separatçılara qarşı antiterror əməliyyatı keçirəcək. Qarabağın hamısı Azərbaycanın nəzarətinə keçməyənə qədər bölgədə Amerikanın istədiyi sülhə və sabitliyə nail olmaq çətindir.
Digər tərəfdən, Rusiyadakı siyasi-hərbi mərkəzlər separatçılara dəstəklərini davam etdirir və ABŞ-la Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmaq istəyirlər. Bu da sülhə və sabitliyə ən böyük əngəldir”.