Son zamanlar müşahidə edilən odur ki, Ermənistan öz qonşuları ilə münasibətləri tənzimləməyə çalışır. Türkiyənin də bu məsələyə yanaşması müsbətdir. Azərbaycan da müəyyən yanaşmalar olduğu təqdirdə sülh məsələsi ilə bağlı konkret mövqe sərgilənməsini gözləyir. Çünki artıq ritorika dəyişməlidir.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, hər kəs sülh istiqamətində niyyətini və planlarını açıqlamalıdır:
“Qarabağda yaşayan ermənilərin də Azərbaycana inteqrasiyası sürətlənməlidir. Amma ümumilikdə isə proses Azərbaycanın xeyrinədir. Əslində qısa zamanda sülh əldə olunsa, bu, erməni xalqı üçün də xeyirli olacaq”.
Politoloqun fikrincə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb ki, bu ilin sonuna kimi Azərbaycanla sülh əldə olunacaq:
“Amma fikirləşmək olmaz ki, bu lap yaxınlarda ola bilər. Yəqin ki, bu proseslərin də zamana ehtiyacı var. Amma burada tək qərar verən Nikol Paşinyan deyil. Başqa dövlətlərin və qüvvələrin də burada maraqları var”.
Zərdüşt Əlizadə hesab edir ki, indiki halda Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı şanslar artıb:
“Amma bu şanslar nə dərəcədə həlledicidir bunu söyləmək çətindir. Burada proseslərin gedişi müharibə tərəfdarlarının mövqeyindən asılıdır. Sözsüz ki, burada Rusiyanın çox güclü təzyiq imkanları var. Ermənistan daxilində olan radikallar və müharibə tərəfdarları hələ də öz güclərini saxlamağa çalışır. Paşinyanın sülh istəyinə sözsüz ki, ordu və terroristlər də qarışa bilər. Ona görə də, bütün bu məsələləri nəzərə almaq lazımdır”.