7 İyun 2023 11:54
6 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun mövqelərinin ön xəttində yaradılan uzun müddətli fortifikasiya qurğuları ərazimizdə hələ də mövcud olan qanunsuz erməni hərbçilərinin Silahlı Qüvvələrimizə qarşı ciddi müqavimət imkanlarına hesablanıb. Çünki bu qurğular uzun müddətli müqavimət üçündür. Ötəri, yəni müvəqqəti fortifikasiya qurğularını söküb, tərk edib, yerini dəyişmək olur. Amma uzunmüddətli qurğular, stasionar fortifikasiya məntəqəsi dayanıqlı müqavimətə görədir. Belə qurğularda hər bir şərait yaradılır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, fortifikasiya qurğularında avtomatın sərbəst atışı, snayperlərin hərəkəti, mina və artilleriya atəşlərindən qorunmaq üçün hər cür imkan yaradılır:

“Bunlar dərin üstü bağlı səngələrdir. Belə səngərlərdə uzun müddət müdafiə olunmaq və yaşamaq olur. Ona görə də, bunlar uzun müddətli fortifikasiya qurğuları adlandırılır. Hətta bu qurğulara ayrıca su xətti, silah-sursat təchizatı da davamlı təmin edilir. Bütün bunlar onu göstərir ki, separatçılar bundan sonra da Azərbaycana qarşı müəyyən müqavimət göstərmək niyyətindədir”.

Polkovnik hesab edir ki, separatçıların son günlər ayrı-ayrı istiqamətlərdə intensiv təxribatları da bunu deməyə əsas verir:

“Azərbaycan sözsüz ki, Ermənistana bir daha xəbərdarlıq edərək separatçıların maliyyə dəstəyini dayandırmağı tələb etməlidir. Onlara maliyyə ayrılır deyə separatçılar özlərini rahat hiss edir. Eyni zamanda Rusiyadan da separatçılar üçün müəyyən maliyyə yardımları edilir”.

Üzeyir Cəfərovun fikrincə, Qarabağda yaşayan dinc ermənilərin Azərbaycana reinteqrasiyasını həyata keçirmək üçün paralel proseslər icra edilməlidir:

“Aparılan danışıqlar prosesində də Ermənistana bildirilməlidir ki, bu istiqamətdəki fəaliyyətinə son qoysun. Çünki separatçılar maddi-mənəvi cəhətdən dəstəkləndikcə onlar bir qədər də həvəslənir. Faktiki olaraq onlara bəyan edilib ki, Qarabağda olan qondarma qurum son dövrünü yaşayır. Ona görə də, bunlar mümkün qədər diqqəti cəlb etməyə çalışır”.


Müəllif: Tapdıq Qurbanlı