Azərbaycan-Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqton görüşünün təxirə düşməsi müxtəlif amillərlə izah olunur. Zənnimcə, görüşün texniki səbəblərdən təxirə düşməsi ehtimalları daha çoxdur. Çünki siyasi səbəblər hiss olunmur.
Bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O qeyd edib ki, tərəflər arasında hazırda danışıqlar gedir: “Mövqeləri irəliyə aparmaq və aydınlıq gətirmək üçün görüşlər vacibdir. Bundan öncə Xarici İşlər nazirləri arasında baş tutmuş Vaşinqton görüşü Azərbaycan üçün müsbət nəticələrlə yadda qaldı”.
Sabiq nazir son günlər artan təxribatlar fonunda atılacaq addımlara da münasibət bildirib:
“Azərbaycanın bu təxribatlar fonunda antiterror əməliyyatı aparıb-aparmaması ilk növbədə təhlükəsizliklə bağlıdır. Erməni tərəfi də başa düşür ki, ciddi təxribat Azərbaycanın antiterror əməliyyatlarına başlaması üçün əsas ola bilər. Bu onlar üçün indiki vəziyyətdə arzuolunmaz hal hesab edilir”.
Tofiq Zülfüqarov həmçinin təxribatların üçüncü tərəflərin oyunu kimi də dəyərləndirib: “Hər halda qarşıdan gələn hadisələr bu təxribatlarda kimin maraqlı olduğunu üzə çıxaracaq. Sözsüz ki, bu məsələ və Nikol Paşinyanın Moskvaya ardıcıl səfərləri açıq suallar yaradır”.