17 İyun 2023 13:30
7 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son təxribatların mahiyyətinə baxdıqda bir daha aydın olur ki, bir çox qüvvələr, o cümlədən Ermənistan tərəfinin özü də sülh istəmir. Kənar oyunçular bölgədə qalıcı münaqişə fonunda mümkün təsir imkanlarını saxlamaq istəyirlər. Ona görə də, bu imkanı əldən buraxmaq niyyətləri yoxdur. Eyni zamanda açıq rəqabət gedir. Tərəflər bölgədə davamlı olaraq öz siyasi təsirini təmin etməyə can atır.

Bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, bütün bunlar köhnə qaydalara əsaslanır:

“Burada təzə bir yanaşma yoxdur. Fakt odur ki, bölgədə kimin daha güclü qalması uğrunda savaş gedir. Ona görə də, tərəflər kimin daha güclü olduğunu özünün “vasitəçiliyi” ilə təmin etməyə çalışır. Məqsəd bölgədə siyasi imkanları saxlamaq və daha da genişləndirmək üçündür. Biz burada ənənəvi tərəf kimi Moskvanı görürük. Fransa Avropa İttifaqının qurumlarını istifadə edərək bu məsələdə yer alır. ABŞ isə bölgədən Rusiyanı çıxarmaq fonunda vasitəçiliyi təmin etmək niyyətindədir”.

Politoloq hesab edir ki, ABŞ-ınmaraqları daha çox diqqəti çəkir:

“Çünki rəsmi Vaşinqton Qarabağ erməniləri ilə danışıqlar və sərhəd məsələsində fəal olmağa can atır. Ermənistanda olan bəzi qüvvələr isə çalışırlar ki, müharibənin nəticələrini neytarlaşdırsınlar. Bununla da öz köhnə siyasətlərini təzə şəraitdə davam etdirmək istəkləri var. Bu da açıq anneksiya siyasətidir. Bu məsələdə İran da fəaldır. Müharibədən sonra İranın fəallığı və mövqeyi əvvələ nisbətən daha qabarıq görünür. İran açıq şəkildə Ermənistan tərəfində olduğunu bəyan edir”.

Tofiq Zülfüqarova görə, burada Azərbaycan-Türkiyə tandemi, perspektiv olaraq Türk Dövlətləri İttifaqı bölgədə bir çox sahələri əhatə edərkən nüfuzu və imkanları da artacaq:

“Ona görə də, hazırda bütün məsələlər Qarabağ və Zəngəzur mövzusu ətrafında cəmləşib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər