21 İyun 2023 19:30
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Məhz buna görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlaylb. İstər sovet dövründə, istərsə də müstəqillik illərində onun siyasətinin vacib tərkib hissələrindən biri də mədəniyyət və incəsənət olub. O, həmişə ziyalıların və sənət adamlarının millətin, xalqın mədəni identikliyinin və eyni zamanda qlobal səviyyədə bəşəri dəyərlərə verdiyi töhfənin əvəzsiz rolunu qeyd edir, çıxışlarında tematik sitatlara geniş yer ayırır, dünya mədəniyyətində silinməz iz qoymuş Azərbaycan ziyalılarına və sənətkarlarına olan ehtiramını bildirirdi. Sovet dövrün məlum siyasi-ideoloji, idarəçilik çərçivələri daxilində ölkəmizin tarixini, mədəniyyətini, elm, sənət və ədəbiyyatını tanıtmaq, görkəmli ziyalılarımızın şəxsiyyətini, yaradıcılığını yaşatmaq, dünyaya çatdırmaq, sözün əsl mənasında Azərbaycan və ona mənsubluğun-Azərbaycanlılığın adını ən yüksək səviyyədə təbliğ etmək demək idi.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, bu illərdə Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, təsviri sənətdə və mədəniyyətin digər sahələrində xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təşviq və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdi: “İş şəraitinin gərgin keçməsinə baxmayaraq, ümummilli lider bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Ulu Öndər Azərbaycanın mədəni irs nümunələrinə, görkəmli mədəniyyət və incəsənət xadimlərinə və milli mədəniyyət müəssisələrinə xüsusi diqqət və qayğı göstərib. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. O, mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, müxtəlif fəxri adlarlarla təltif olunurdular. Ümummilli lider görkəmli mədəniyyət xadimlərinin ev-muzeylərinin yaradılması məsələsini hər an diqqətdə saxlayırdı. Azərbaycana rəhbərlik etdiyi bütün zamanlarda xalqın milli- mənəvi dəyərlərinə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev birinci dəfə respublikaya rəhbərlik edəndə Azərbaycanın görkəmli ziyalılarının mənzillərinin muzey kimi fəaliyyət göstərməsinə şəxsən tapşırıq vermiş və rəsmi açılış mərasimlərində iştirak etmişdir. Kamran Hüseynov öz xatirələrində yazırdı ki: “Azərbaycanın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev xalqımızın milli- mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün yazıçı və şairlərimizin, bəstəkarlarımızın evlərinin muzeyə çevrilməsi ilə bağlı xüsusi dövlət sənədinin hazırlanmasını tapşırır. Həmin sənəddə Ü.Hacıbəylinin, S.Vurğunun, Bülbülün, Cabbarlının, C.Məmmədquluzadənin, M.S.Ordubadinin və digər ziyalıların mənzillərinin ümumi vəziyyəti görüləcək işlərlə bağlı təkliflər ətraflı təsvir olunur. Ulu Öndər sənədlə tanış olduqdan sonra Azərbaycanın görkəmli yazıçı, şair və mədəniyyət xadimlərinin ev-muzeylərinin yaradılması haqqında göstəriş verir”. Əlbəttə ki, Sovet dövründə bütün bunları etmək demək olar ki, qeyri-mümkün idi. Mədəniyyətimizin və incəsənətimizin tanınmış nümayəndələrinin xatirəsini əbədiləşdirilərək Nəsimi, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mehdi Hüseynzadə, Hüseyn Cavid və digər tanınmış mütəfəkkirlərin abidələri ucaldıldı. Həmin illərdə o, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Nəriman Nərimanovun abidəsinin və xatirə muzeyinin, Cəfər Cabbarlının abidəsi və ev-muzeyinin, Bülbülün xatirə muzeyinin, Natəvanın abidəsinin, Şuşada Vaqifin məqbərəsinin inşasına dair qərarlara imza atmış, onların tikilib qurulmasına şəxsən rəhbərlik etmişdir. Eyni zamanda, çoxlu sayda kitabxanalar, teatrlar, muzeylər açıldı”.

Komitə sədri qeyd edib ki, ülu undər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənətin ayrı-ayrı istiqamətləri üzrə inkişaf və yeni islahatlara başlanıldı: “Onun rəhbərliyi ilə dövlətin mədəniyyət siyasətinin hüquqi bazası-qanunvericilik təminatı yaradıldı. Qısa müddət ərzində mədəniyyət sahəsində 10-dan artıq qanun qəbul edildi. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində də bir sıra tədbir keçirildi. Mədəni irsimizin, görkəmli ədiblərin, mədəniyyət xadimlərinin yubileylərinin xarici ölkələrdə nüfuzlu təşkilatlarda qeyd olunması bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verirdi. “Kitabi-Dədə Qorqud” dastanının 1300, dahi şair Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileylərinin UNESCO-da qeyd olunması, 2000-ci ildə İçərişəhərin Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqi idi. Ümummilli Lider tərəfindən Milli Kino Günü, Üzeyir Musiqi Günü, Azərbaycan Əlifbası və Ana Dili günlərinin təsis edilməsi haqqında fərmanların imzalanması mədəniyyətimizə məhəbbətin bariz nümunəsidir”.

Millət vəkili ulu öndərin türk xalqların mədəni inteqrasiyası yolunda misilsiz təşəbbüslərini, xidmətlərindən bəhs edib: “1996-cı ildə Bakıda keçirilən Türk dünyası yazıçılarının qurultayında çıxış edərək, bu səhədə gələcək perspektivləri barəsində ətraflı məlumat verib. O, türk xalqlarının mədəni abidələrinin, böyük ədiblərinin, şəxsiyyətlərinin yubiley mərasimlərində yaxından iştirak edir və xalqlarımızın ümumi mədəni sərvətinin bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə çatdırırdı. Bu fikir onun 1994-1996-cı illərdə türkmən şairi Məhdimqulunun, qazax ədəbiyyatının klassiki Abayın, böyük özbək hökmdarı Əmir Teymurun, qırğız eposu “Manas”ın yubiley mərasimlərindəki çıxışlarının ana xəttini təşkil edirdi”.

Hicran Hüseynova vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənətə qayğıkeşliyi bu gün dövlət başçısı İlham Əliyev və birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Biz bir çox nümunələr göstərə bilərik. Mədəniyyətlər və sivilizasiyalararası münasibətlərin inkişafı, Azərbaycanın dünyaya təqdim etdiyi “Bakı prosesi və s. Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın tarixi və mədəni irsinin yenidən bərpası bu nümunələrin sırasında xüsusi əhəmiyyət kəsb edir”.


Müəllif: Tapdıq Qurbanlı