Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdən gözləntilər fərqli idi. Fakt isə odur ki, hazırda ABŞ-tərəflər arasında sənədlərin imzalanmasında israrlıdır. Bunun tezləşdirilməsi üçün təşəbbüs göstərir, görüşlər təşkil edir. Sözsüz ki, bu görüşlərin bir neçə mövzusu var.
Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, Blinkenlə, Sallivanla də müzakirə edilən məsələlər bu mövzuda olub:
“Bu, bir neçə istiqamətli danışıqlar prosesidir. ABŞ-da aparılan danışıqlarda daha çox Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair sazişə üstünlük verilir. Çünki delimitasiya və demarkasiya daha çox Rusiya, Azərbaycan və Ermənistan arasındakı danışıqlardan asılıdır. Eyni zamanda Zəngəzur dəhlizi Azərbaycan, Rusiya və Ermənistan arasında müzakirə mövzusudur. Ona görə də, burada ən çox müzakirə edilən Qarabağın dağlıq hissəsindəki hadisələr və Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüklərini tanıması ilə bağlıdır”.
Politoloq hesab edir ki, Qarabağdakı ermənilərə Rusiya və Fransa ilə müqayisədə ABŞ-ın təsir imkanları dəfələrlə azdır:
“Bakı ilə İravan arasında problem isə hər zaman Qarabağla bağlı olub. 1918-20-ci illərdə və 30 il əvvəl də Qarabağ mövzusu problem kimi qalıb. İndiki halda isə situasiya fərqlidir. Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən sülh və təhlükəsizlikdən danışır və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu deyir. Amma digər tərəfdən Paşinyanın seçki qabağı platfomasında “xilas olmaq naminə, azadlıq” ifadələrindən istifadə olunurdu. Bu isə o deməkdir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısa da Qarabağdakı ermənilərin ölkəmizin tərkibində yaşamamaq istəklərinə uyğun olaraq onlar “azad” olmalıdır deyir. Bu isə erməni tərəfinin növbəti hiyləsidir”.
Zaur Məmmədova görə, rəsmi Bakı ermənilərin bu hərəkətlərini yaxşı bilir:
“Bununla da biz danışıqlarda nəticələrin əldə edilməməsinə şahidlik edirik. Amma ümumilikdə danışıqlar irəliyə atılmış addımdır. Sadəcə olaraq ola bilsin ki, ABŞ sülh sənədinin son variantına istinad edilsin və daha sonra onlar ölkə başçılarına təqdim olunsun. Bu isə gözlənilmir. Ehtimal isə odur ki, iyulun sonunda Azərbaycan və Ermənistan liderlərinin gözlənilən Brüssel görüşündə Vaşinqton danışıqlarında əldə edilən ortaq nəticələr burada daha da möhkəmləndirilsin”.