Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşü ilə bağlı hesabat hazırlanıb, hesabatı iştirakçılar təsdiqləyib və hesabat qəbul olunub.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
O, vurğulayıb ki, iki gün davam edən bu iclasda vacib məsələlər ətrafında geniş müzakirələr aparılıb: "Biz Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçilərinin ən əhəmiyyətli mövzular barədə bəyanatlarını eşitdik. Bəşəriyyət ən çətin dövrdən keçir, beynəlxalq təhlükəsizlik sistemi görünməmiş təhdidlərlə üzləşir. Bu çağırışlar, problemlər, korporativ, əlaqləndirilmiş cavablar tələb edir. Mövcud beynəlxalq şəraitdə QH daxilində həmrəyliyin gücləndirilməsi həmişəkindən daha da vacibdir.
İnkişafa və təhlükəsizliyə təhdidlərin mövcud olduğu bir zamanda biz əmin olmalıyıq ki, bizim Hərəkatımız dinamikdir, onun bizim maraqlarımızı və prioritetlərimizi effektiv şəkildə və zamanında dəstəkləmək üçün mexanizmi var. Azərbaycan QH-yə sədrliyi dövründə Hərəkat daxilində həmrəyliyi gücləndirmək, onun effektivliyini artırmaq üçün səylər göstərib. Bu məqsədlə biz bir sıra təşəbbüslər həyata keçirmişik. QH-nin Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması bu istiqamətdə ən əhəmiyyətli addımlar olub.
Bir neçə saat əvvəl QH üçlüyü olaraq Uqanda və Venesueladan olan həmkarlarımla birlikdə QH-nin Gənclər Təşkilatının Bakıda qərargahının əsasını qoyduq. Bu qərargah ən xüsusi məsələlər ətrafında müzakirələr aparmaq, həll yolları tapmaq üçün QH gəncliyinin toplanma nöqtəsi olacaq".