Qarabağda mövcud olan qeyri-qanuni erməni hərbi birləşmələrində təyyarələrin naviqasiya sisteminə təsir edəcək avadanlıq yoxdur. Azərbaycan tərəfi uçuşların təhlükəsizliyinə təhdidlərlə bağlı rus sülhməramlılarına dəfələrlə məlumat verib. Bu təkcə mülki təyyarələrə qarşı edilməyib. Hərbi aviasiyaya qarşı da bir neçə dəfə istifadə olunub.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Onun fikrincə, bu sırf ruslara məxsus avadanlıqdır:
“Fakt odur ki, ermənilərdə belə bir avadanlıq yoxdur. Bu avadanlıq əvvəlcədən də elə ruslara məxsus olub. Brüsseldə liderlərin görüşü ərəfəsində erməni tərəfi bir çox hərbi təxribatlara əl atacaq. Sözsüz ki, son dövrlərə qədər GPS-peyk-naviqasiya sistemlərinin pozulması ilə bağlı məlumat yox idi. Azərbaycan haqlı olaraq rus sülhməramlılarına bununla bağlı dəfələrlə məlumat verirsə bu artıq son hədd hesab olunur”.
Polkovnik deyib ki, erməni tərəfi Füzuli-Bakı, Zəngilan-Bakı sərnişin təyyarəsinə qarşı GPS-naviqasiya sistemi ilə təxribat törədib:
“Əslində bu ruslarla ermənilərin birgə həyata keçirdiyi təxribatdır. Bu çox təhlükəli bir addımdır. Təyyarənin enmə anında radioelektron vasitələrin pozulması çox ciddi qəza enişinə, böyük faciələrə səbəb olar bilər. Məqsəd insan itkisinin yaşanmasıdır. Mülki təyyarəyə qarşı bu cür təxribat isə beynəlxalq cinayətdir”.