Separatçıların Xankəndidəki son aksiyaları və səsləndirdikləri bəyanatlar onu deməyə əsas verir ki, bunlar Moskvadakı havadarlarına arxalanırlar. Məhz separatçıların rus sülhməramlılarına “sizi Putin bura ona görə göndərib ki, bizi qoruyasınız” deməsi əslində məsələnin mahiyyətini açmış oldu. Eyni zamanda Brüssel görüşü öncəsi Rusiya XİN sözçüsünün vermiş olduğu açıqlama da burada diqqətdən yayına bilməz. Ona görə də, sülhməramlıların buradakı qanunsuz hərəkətləri və separatçılara verilən təlimatların bir ünvandan - Moskvadan gəldiyi ilə bağlı heç kəsdə şübhə qalmayıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, separatçılar artıq İrəvandan əllərini üzüblər:
“İndi onlar ancaq Moskvaya istiqamətləniblər. Paşinyanın "Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil olmaqla tanıyıram” deməsi onları məyus edib, ümidsizliyə sürükləyib. Əslində Xankəndidəki son aksiyalar 1988-1989-cı illərdəki hərəkətləri xarakterizə edir. Faktiki olaraq indi oradakılar həmin prosesi təkrarlamaq istəyir”.
Deputat bildirib ki, 1988-ci il senytabrın 18-də Xankəndidə separatçılar aksiyadan sonra Xocalıya yürüşlə bağlı qərar vermişdilər:
“Həmin vaxt az qala 10 mindən çox erməni Xocalıya qarşı yürüşə qatılmışdı. Nəticədə, məğlub olub 27 cəsədlə geri dönməli oldular. İndi də həmin havaya düşüblər. Sanki onlar üçün indi 1988-1990-cı illərdir. Düşünürlər ki, hansısa aksiya ilə nəsə əldə edə bilərlər. Amma unudurlar ki, 44 günlük müharibənin qalibi olan Azərbaycan Ordusunun qarşısında heç bir separatçı sona kimi təxribat törədə bilməz”.
Elman Məmmədova görə, bu günlərdə keçmiş hərbi cani Vitali Balasanyanın həbsi göstərdi ki, digər separatçılar da Azərbaycan dövləti tərəfindən nəzarətə götürülməlidir:
“Bununla da bölgədə bir nəfər də olsun qanunsuz silahlı qalmamalıdır. Məhz bundan sonra burada daimi sabitlik yaratmaq mümkün olacaq”.