"Biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində ifadə edib.
Dövlətimizin başçısı qeyd edib: “Birincisi, bu, onunla bağlıdır ki, Çin bizim üçün dost ölkədir. İkincisi, biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirik. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək olmaz. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər, çünki beynəlxalq hüquqda aydın şəkildə deyilir ki, ərazi bütövlüyü onun fundamental prinsipidir”.
Xalqların öz müqəddəratının təyin edilməsinin hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli olmadığını diqqətə çatdıran Prezident bildirib ki, bu, beynəlxalq hüququn fundamental prinsipidir.