25 İyul 2023 19:50
7 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Vaşinqtondan sonra Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün mahiyyəti ilə bağlı bir qədər fərqli yanaşmalar var. Sizcə, Moskvanın yenidən təşəbbüsləri ələ almaq niyyəti hansı amillərlə bağlıdır?

- Əslində Moskvanın çalışdığı odur ki, o prosesdə Vaşinqtonu ikinci cərgəyə keçirsin. Azərbaycan isə buna baxmayaraq üç platformada fəal iş aparır. Brüssel, Vaşinqton və Moskva platformasında Azərbaycan aktiv yer alır. Eyni zamanda bu üç platformakı tərəflər keçmiş ATƏT-in Minsk Qrupunun həmsədrləri olub. 28 ildə onlar Azərbaycan üçün heç bir addım atmayıblar. Proseslərə də həmişə ikili standartlarla yanaşıblar. Bu gün də faktiki olaraq həmin siyasət yürüdülür. Amma reallıq odur ki, burada Rusiyanın digər platformanın təşəbbüsçülərinə qısqanclığı açıq şəkildə özünü göstərir.

- Moskvada ikitərəfli danışıqlarda bir çox istiqamətlərin, xüsusən də parlamentlərin burada aktiv yer alması kimi məsələlərin gündəmə gətiriləcəyi bildirilir. Sizcə, indiki halda bu yanaşmanın prosesə təsiri necə olacaq?

- Sülh sazişi imzalanacaqsa, bunu dövlət başçılarından sonra parlamentlər ratifikasiya etməlidir. Amma öncədən parlamentariləri bu prosesə cəlb etmək siyasi triumfdur. Bunun başqa bir adı yoxdur. Azərbaycanlı millət vəkillərinin ermənistanlı deputatlarla görüşünü təşkil etmək indiki halda ehtiyac duyulmayan bir haldır. Azərbaycan tərəfindən bu məsələ ilə bağlı işçi qrupu yaradılıb. Adətən də bütün dövlətlərarası sazişləri yaradılmış işçi qrupları hazırlayıb, paraflayıb onu parlamentin ratifikasiyasına təqdim edir.

- Rusiyanın bu məsələləri gündəmə gətirib, müzakirə predmeti kimi masaya yatırtmaqda məqsədi nədir?

- Bu qabaqlayıcı tədbirlər bir növ Azərbaycanı şirnikləndirmək cəhdidir. Moskva onu deməyə çalışır ki, o, Vaşinqtondan daha çox iş görür. Əslində burada Azərbaycanı arxayın salıb yenidən danışıqları uzatmaq cəhdi var. Çünki Rusiya prosesə həddən artıq qısqanclıqla yanaşmağa başlayıb. Reallıq odur ki, Rusiya Azərbaycanın öz ərazi bütövlüyü ilə bağlı məsələləri həll etdiyini bilir. Ona görə də, Moskva çalışacaq ki, prosesə mümkün qədər mane olsun.

- Prezident İlham Əliyev ilin sonuna kimi sülhün əldə edilməsi ilə bağlı imkanların olduğu söylədi. Sizcə, qarşı tərəfin nəhayət sülh müstəvisində addım atması nə dərəcədə realdır?

- Bu əslində mümkün olan bir məsələdir. Çünki hər hansı bir sazişin hazırlanması 3 aydan 6 aya qədər çəkə bilir. Azərbaycan tərəfi sülhlə bağlı 5 bəndlik müddəalarını təqdim edib. Ermənistanın isə irəli sürdüyü bir sıra absurd təkliflər rədd edilib. Burada əsas irəli sürülən absurd yanaşma separatçıların prosesdə iştirakı idi. Sözsüz ki, bu mümkün deyil. Azərbaycan separatçıları heç vaxt tərəf kimi tanımayıb və bundan sonra da tanımayacaq. Ona görə də, sülhə maneə olacaq elə bir ciddi məsələ qalmayıb. Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Nikol Paşinyan ölkəmizin 86,6 min kv km ərazisi daxilində bütün ərazilərini tanıdığını bəyan edib. Bura sözsüz ki, anklavlar da daxildir.

- Son vaxtlar Xankəndidə olan separatçıların aktivliyi müşahidə edilir. Bu gedişlə onlar nəyə nail olmaq istəyir?

- Bu günə qədər Qarabağ ssenarisi ilə vəzifədə olan, bundan daha çox pul qazanan insanlar indi aqoniya vəziyyətinə düşüb. Ona görə də, Xankəndidə separatçılar belə absurd iddialara əl atır. İndi də separatçılar Ağdam-Xankəndi yoluna beton piltələr düzüblər. Əslində onların qorxusu Ağdamdan Azərbaycan tanklarının Xankəndiyə, Əsgərana doğru istiqamətlənməsi ilə bağlıdır. Düşünürlər ki, Azərbaycan tankları bir saata Xankəndiyə çata bilər. Bu vasitələrlə guya tankların yolunu kəsəcəklərini güman edirlər. Amma unudurlar ki, Azərbaycanın Komando qüvvələrinin Ağdam-Xankəndi yolundan istifadəsinə ehtiyac yoxdur. Komandolarımız Xocalının Sığnaq kəndindən 15 dəqiqəlik məsafədən Xankəndidə ola bilər. Separatçılar da qorxularından yola-izə beton piltələr düzürlər. Dünya ictimaiyyətinə də deyirlər ki, guya acından ölürlər.

- Sizcə, bir neçə gün öncə Prezident İlham Əliyevin Xocalının Sığnaq kəndində olması qarşı tərəfə hansı mesajları verdi?

- Sözsüz ki, Prezident İlham Əliyevin Xocalıya, Sığnaq kəndinə getməsi heç də təsadüfi deyildi. Xocalının həmin o iki kəndi - Sığnaq və Çanaqçı Xankəndinin üzərində “Domokl qılıncı” kimdir. Azərbaycan Xocalının bu iki kəndi və Daşaltıdan bütövlükdə Xankəndini nəzarətdə saxlayır. Eyni zamanda diplomatiyada bədən dili deyilən bir anlayış var. Azərbaycan Prezidenti də peşəkar diplomatdır. O həm yerişi, həm də duruşu ilə birmənalı şəkildə qarşı tərəfə mesaj verdi ki, bu yerlərin sahibi bizik və gəlmişik. Sona kimi də burada olacağıq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər