"Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib.
"Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm", - deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, dünən Yevlaxda Bakının mərkəzi hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığın nümayəndələri arasında görüşün təşkili üzərində iş aparıldığına dair məlumatlar yayılıb.
Politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbəri təsdiqlənərsə, bunu müsbət qiymətləndirmək olar: "Separatçıların təzyiqi və əmri ilə hərəkət edən Qarabağ ermənilərinin Bakıda görüşmək təklifindən imtinalarından sonra məsafəcə Xankəndinə yaxın olan Yevlax variantından da imtina etmələri mövqelərini daha da zəiflədəcək. Əsas odur ki, Yevlaxdakı mümkün görüşdə üçüncü tərəfə, o cümlədən Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur. Yevlaxa gələn bir müddət sonra Bakıya da gəlmək məcburiyyətində qalacaq. Yevlaxda görüşə razılaşarlarsa erməni separatçılarının və Ermənistan hakimiyyətinin “yalnız üçüncü tərəfin iştirakı ilə neytral ərazidə müzakirələr aparaq” tələbindən geri çəkilməsi olacaq".