Surət Hüseynovla bağlı Azərbaycan cəmiyyətində keçirilən sorğular, onun ölüm xəbəri yayılandan sonra verilən reaksiyalar və yazılan şərhlər ona olan münasibəti açıq şəkildə ortaya qoydu. Surət Hüseynovun I Qarabağ savaşı dönəmi işlədiyi Yevlax yun zavodunun imkanlarından istifadə edərək cəbhə bölgəsində müəyyən fəaliyyətləri olub. O, müəmmalı şəraitdə məşhurlaşmışdı. Daha sonra müəyyən postlar tutdu. Bütün bunlara rəğmən Surət Hüseynov Azərbaycan tarixində iki hadisə ilə yadda qalacaq. Hər ikisi dövlət əleyhinə yönəlmiş addımlar idi. İlk növbədə o, 1993-cü il 4 iyununda Gəncədə Rusiya tərəfindən verilmiş təlimat əsasında başlanan dövlət çevrilişinin təşkilatçısıdır. Surət Hüseynov qiyama başlayaraq həmin dövrdə Azərbaycan dövlətinə arxadan zərbə vurdu. Nəticədə Azərbaycanın rayonları yaranmış xaos və qarışıqlıq dövründə Ermənistan tərəfindən işğal edildi.
Bu sözləri Teleqraf.com-a mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov bu günlərdə vəfat edən keçmiş baş nazir Surət Hüseynovdan bəhs edərkən deyib.
Surət Hüseynov prezidentin Böyük Britaniyaya səfərinə necə maneə olub?
O qeyd edib ki, məhz bu hadisən nəticəsində 1993-cü Azərbaycanla Ermənistan arasında gözlənilən mümkün sülh sazişi arxa plana atıldı: “1993-cü il iyunun 30-da Azərbaycan prezidentinin Böyük Britaniyaya səfəri və neft müqavilələrinin imzalanması ilə bağlı proses ən azı 15-16 ay ləngidildi. Həyata keçirilməli proseslər təxirə salındı. Bu da Azərbaycan dövlətinin gələcək taleyi üçün oduqca mənfi nəticələrə gətirib çıxardı.
Beləliklə, Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. Bu, Surət Hüseynovun törətdiyi cinayətlərin və dövlət çevrilişinin nəticələri idi.
Baş nazir olduğu müddətdə də o, hansısa ciddi fəaliyyəti ilə yadda qalmadı. Əksinə, Azərbaycan dövlətinin formalaşmasına mane olan əsas faktorlardan birinə çevrildi. 1994-cü ilin 20 sentyabrında Azərbaycan və beynəlxalq neft şirkətləri ilə imzalanan neft müqavilələri ilə bağlı onun mövqeyi hər kəsə bəllidir. Surət Hüseynov bu müqavilələrin imzalanmasının əleyhinə çıxdı. Neft müqavilələrinin Azərbaycanın maraqlarına zidd olması ilə bağlı bəyanatını yaxşı xatırlayırıq.
Bunun ardınca Surət növbəti dəfə dövlət çevrilişinə cəhd etdi. Gəncədə təkrar olaraq 1994-cü ilin oktyabr ayında qiyama qalxdı. Amma həmin qiyam yatırıldı. Bundan sonra Surət Hüseynov ölkədən qaçmaq məcburiyyətində qaldı. 1997-ci ildən Rusiyada oturaraq Azərbaycan əleyhinə fəaliyyətlərlə məşğul oldu”.
“Vətənə xəyanət”
Sabiq köməkçi bildirib ki, Surət Hüseynovun 1995-ci ilin mart ayında məşhur bir müsahibəsi var idi:
“Müsahibədə o, Azərbaycan və Türkiyə əlaqələrinə necə mənfi münasibət sərgilədiyini açıq şəkildə ifadə edib. Ona görə də, Surət Hüseynovun bütün bu əməlləri Azərbaycan tarixində bir qara ləkə kimi qalacaq, fəaliyyəti Azərbaycan dövlətçiliyinə arxadan vurulan zərbə kimi qiymətləndiriləcək.
Tarixçilər onun personasını araşdırdıqda Surət Hüseynovla 1920-ci ildə XI qızıl ordunun önündə Azərbaycana girən, milli dövlətçiliyimizi devirən Əliheydər Qarayev və digərləri ilə eyni simada olduğuna şahidlik edəcəklər. Məhz bu əməllərinin nəticəsi olaraq o, vətənə xəyanət ittihamı ilə həbs olunub ağır cəzaya məhkum edildi”.
“Surət Hüseynova Milli Qəhrəman adı necə verilmişdi?”
Keçmiş iqtidar təmsilçisi Surət Hüseynovun prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, korpus komandiri, polkovnik, Milli Qəhrəman kimi titul və vəzifələrə necə sahib olmasına da aydınlıq gətirib:
“O dövr müxtəlif dövlətlərin dəstəyi və apardığı piar nəticəsində insanlar çox sürətlə ictimai nüfuz qazana bilirdilər. Yevlax yun zavodunun direktoru olarkən Surət Hüseynov Qarabağda savaşmaq üçün ilk yaranan batalyonlara yardım etməklə məşğul olub. Sonrakı dövrdə bu maliyyə axınının mənbələrinə nəzər saldıqda bunun fərqli istiqamətlərdən gəldiyini görməkdəyik.
Belə qənaətə gəlmək olur ki, bu vəsaitlər heç də təsadüfdən Surət Hüseynov vasitəsi ilə ötürülmürdü. Məhz onun personası ətrafında müsbət ictimai rəy yaradılması üçün belə gedişlər edilirdi.
Eyni zamanda onun maddi yardımlarıyla Qarabağda müəyyən əməliyyatlarda ona yaxın olan hərbi hissələr iştirak edirdi. Bu məsələlərə görə Surət Hüseynova Milli Qəhrəman adı verilmişdi. Eyni zamanda o, Qarabağda prezidentin səlahiyyətli nümayəndəsi təyin edilmişdi. Sözsüz ki, burada müəyyən əsaslar və nüanslar da olub. Çünki bu statuslara yiyələnənə qədər onun haqqında müəyyən bir ictimai rəy formalaşmışdı”.
“Boris Yeltsinə Azərbaycanın daxili işlərinə qarışmaqla bağlı müraciət”
Politoloq hesab edir ki, Surət Hüseynov baş nazir postuna layiq adam deyildi: “O, yüksək vəzifəyə tamamilə yararsız adam idi. Onun 15 aylıq baş nazirliyi dövrünə Azərbaycan xalqı şahidlik edib.
İki dəfə qanuni hökumətə qarşı qiyama qalxmaq, dövlət çevrilişi niyyəti Surət Hüseynova olan münasibəti bir daha nümayiş etdirir. Hətta Qarabağda əməliyyatlar zamanı Ağdərə istiqamətindən qoşunları geri çəkməsinin hansısa bir şəxslə aralarında olan ziddiyyətlərdən qaynaqlanması fikri də düzgün deyil. Fakt odur ki, Ağdərədən qoşunların geri çəkilməsi ilə bağlı yanvar ayında onun imzaladığı əmr açıq xəyanət idi. Çünki Ağdərədən ordu hissələrinin geri çəkilməsi ermənilərin bu istiqamətdə hücumlarına ciddi şərait yaratdı.
Sözsüz ki, onun bu kimi addımları o dövrki hakimiyyətin nüfuzdan salınmasına, devrilməsinə hesablanmışdı. Çünki Surət Hüseynovun fəaliyyəti, atdığı addımlar Rusiya tərəfindən təlimatlandırılırdı.
1993-cü ilin 25 mayında Azərbaycandan çıxarılan rus ordusunun sonuncu hərbi hissəsi (Gəncədə Şerbakın diviziyası) buranı tərk edərkən silah-sursat və hərbi texnikanın böyük bir hissəsi Surət Hüseynova verilmişdi. Məhz bunun üzərindən də Azərbaycanda hərbi çevriliş həyata keçirilməyə başladı.
O dövrdə Surət Hüseynovun rəhbərliyi ilə yaradılan hərbi birliklərin təmsilçiləri, eyni zamanda Gəncədə 160-a yaxın deputatın imzası ilə Ali Sovetin ssesiyasının çağırılması ilə bağlı tələblər də dövlət çevrilişinə hesablanırdı. Rusiyadakı müəyyən qüvvələr bu məsələləri Surət Hüseynovla koordinasiya edirdilər.
Parlament üzvü sayılan 160 şəxsin Rusiya dövlət başçısı Boris Yeltsinə Azərbaycanın daxili işlərinə qarışmaqla bağlı çağırış və müraciət faktları var. Bu dövlət çevrilişinin mərkəzində və üzərində plan qurulan şəxs isə Surət Hüseynov idi...”