4 Avqust 2023 17:44
17 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda olan qanunsuz erməni silahlılarına məxsus ağır hərbi texnika və silah-sursatın çıxarılması ilə bağlı informasiyalar yayılıb. Amma maraqlısı odur ki, belə bir faktı təsdiqləmək olmur. Ona görə də, bunu növbəti dezinformasiya kimi qeydə almaq olar. Amma əksinə bu gün faktlar var ki, Qarabağda olan separatçı rejim üçün rus sülhməramlılarının yardımı ilə əlavə silah daşınır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, bu gün səhər yayılan görüntülərdə də rus sülhməramlılarının müşayiəti ilə qanunsuz erməni silahlıları üçün hərbi yüklər daşınırdı:

“Ermənistan tərəfi Azərbaycan ərazisindən mövcud hərbi texnikasını çıxarmazdan əvvəl buradakı canlı qüvvəsini çıxarmalıdır. İndi elə bir hal yoxdur. Görünür, onlar bu cür məlumatları dövriyyəyə buraxmaqla başqa planlarını həyata keçirməyə çalışır. Hətta hava yolu ilə bəzi silah-sursatın Qarabağa gətirilməsi halları mövcuddur. Rus sülhməramlıları bunları öz ehtiyacları üçün daşıdığını desə də bu yüklərin separatçılara məxsus hərbi postlara göndərilməsi ilə bağlı görüntülər var”.

Ekspert hesab edir ki, erməni tərəfi özünəməxsus ağır hərbi texnikanı Qarabağdan çıxarması ilə bağlı yalan dezinformasiyanı proseslərin istiqamətini yönəltmək və Azərbaycan tərəfini çaşdırmaq üçün dövriyyəyə buraxır:

“Bunun əksinə Ermənistandan Azərbaycan ərazisinə Qarabağa hava yolu ilə şəxsi heyətin rotasiyası həyata keçirilir. Həmçinin davamlı olaraq mina və digər döyüş silahları bölgəyə göndərilir”.

Üzeyir Cəfərov erməni tərəfinin hətta quru yolu ilə Qarabağa silah keçirməsi ilə bağlı ilginc faktların olduğunu söyləyib:

“Şuşa istiqamətində gizlin bir yol vasitəsi ilə erməni tərəfinin hərbi texnikanı Qarabağa keçirdiyi bildirilir. Xankəndi-Turşu arasında Şuşadan aşağıda gizli bir yol vasitəsi ilə bu cür qanunsuz daşımaların olduğu iddia edilir. Məlumatlar var ki, həmin yoldan erməni tərəfi nəsə aparıb-gətirə bilər. Zarıslı yaşayış məntəqəsi ətrafında bu cür gizlin fəaliyyətlərin olması ehtimalları da var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər