Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Ermənistanın BMT Təhlükəsizlik Şurasındakı uğursuzluğunun ardınca davranışlarında bir qədər fərqlilik müşahidə edilir. İndi də daha çox təxribatlar fonunda diqqəti bölgəyə çəkməyə çalışırlar. Sizcə, proseslərin gedişində daha nələr müşahidə edilə bilər?
- Ermənistanın ictimai şüurunda elə bir yanlış tendensiya kök salıb ki, onlar Azərbaycana qarşı kimisə tapıb, öz mövqelərini gücləndirib, köhnə anneksiya siyasətini davam etdirəcəklər. Bunun üçün Qərb, Rusiya, Fransa və İran tərəfinə meyl edirlər. Düşünürlər ki, kimlərsə onlara müttəfiq gözü ilə baxıb dəstək verəcək. Son olaraq erməni tərəfi guya Qarabağda hansısa bir "humanitar fəlakət"in olduğunu göstərməklə Azərbaycanın bu region üzərində suverenliyi ilə bağlı gedişlər ediləcək ümidi ilə var-gəl edirdilər. Bununla Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyinin əlindən alınması kimi absurd iddialar irəli sürülürdü. Bu məsələdə ermənilərə Fransa, ABŞ-da olan erməni lobbisi, Rusiyada hansısa dairələrin kömək edəcəyi ehtimalı ilə yaşayırdılar.
- Ermənistanın nəticəni bilə-bilə bu addımı atmaqda məqsədi nə idi?
- Əslində, bu, əvvəlcədən yanlışlıq üzərində qurulmuş bir plan idi. Onlar düşünürdülər ki, Azərbaycanın suverenliyi hansısa bir formada beynəlxalq təşkilatların ixtiyarına veriləcək. Erməni tərəfi başa düşməlidir ki, BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələr Azərbaycana qarşı olan plandan agahdır. Onlar bilirlər ki, bu gün Azərbaycana qarşı olan plan sabah özlərinə qarşı yönələcək. Ona görə də, hansısa bir dövlətin öz suverenliyini güzəştə gedəcəyi ehtimalı belə yoxdur. Bu baxımdan da erməni tərəfinin BMT Təhlükəsizlik Şurasına müraciətinin heç bir nəticəsi olmayacaqdı. Amma hər halda onlar bu mərhələni də keçməliydilər.
- Qarşı tərəf üçün son çıxış yolu nədən ibarətdir?
- Erməni tərəfi “Miatsum” məsələsindən ümumiyyətlə imtina etməlidir. Bunun əksinə onlar Azərbaycanla sülhün yollarını axtarmalıdır. Faktiki olaraq BMT-dəki son müzakirələr erməni tərəfi üçün dərs olmalıdır. Nəhayət, onlar bunu başa düşməlidir. Çünki BMT TŞ-nin Azərbaycanla bağlı 4 məlum qətnaməsi var. Eyni zamanda digər vacib qərar və qətnamələr mövcud idi. Amma reallıq odur ki, son müzakirələrdə erməni tərəfi BMT-dən mətbuat üçün belə bəyanat əldə edə bilmədi. Ona görə də, ermənilərin burada istədiyi məqsədə nail olması qətiyyən mümkün deyil.
- Son təxribatlar fonunda yeni hərbi qarşıdurma ehtimalını necə dəyərləndirirsiniz?
- İndi erməni tərəfi çətin vəziyyətdədir. Artıq etiraf etməlidirlər ki, bu təxribatları heç bir nəticə vermədi. Bundan sonra onların öz daxilində bir diskusiya baş verir. Belə fikirlər də yayılır ki, Nikol Paşinyan öncədən heç bir nəticə əldə edilməyəcəyini bilirmiş. Sadəcə olaraq o daxili müxalifətə göstərmək istəyir ki, biz bunu bu cür də etdik, amma alınmadı. Çünki erməni tərəfi hansısa bir qüvvənin gəlib onlar üçün nəsə edəcəyini düşünür. Vaxtilə Azərbaycan tərəfi də beynəlxalq təşkilatların hansısa qərarlarına ümid edirdi. Sadəcə olaraq zaman etibarı ilə Azərbaycan tərəfi gördü ki, beynəlxalq mexanizmlərin işlək gücü yoxdur.
- Üçüncü tərəflərin Azərbaycan-Ermənistan arasındakı münasibətlərdə təsirini necə qiymətləndirmək olar?
- Burada üçüncü tərəflər bölgədə münaqişənin bu və ya digər formada qalmasını istəyir. Onlar bununla bölgəni gələcəkdə əllərində saxlamağı düşünür. Azərbaycanın isə istəyi odur ki, məsələyə son qoyulsun. Amma erməni tərəfi münaqişə vəziyyətinin davamlı olmasında maraqlıdır. İddia edirlər ki, hansısa bir mərhələdə öz xeyirlərinə nəyisə dəyişə bilərlər. Bunun əksinə Azərbaycanın mövqeləri indi çox güclüdür. Azərbaycanın Türkiyə ilə müttəfiqliyi, Rusiya ilə münasibətlərdə artan təsir mexanizmləri burada başlıca amil kimi önə çıxır. Ona görə də, bu tendensiya Azərbaycanın xeyrinədir.