Tarixə nəzər saldıqda hər zaman erməni kilsəsinin öz mahiyyətinə zidd fəaliyyətini görmək olur. Amma din heç vaxt müharibə tərəfində deyil. Bu, xristianlıqda, islamda və başqa dinlərdə də belədir. Sülhə, həmrəyliyə çağırış, barışığı təşviq etmək dinin və din xadimlərinin başlıca amalı olmalıdır. Amma Ermənistanda bunun əksini görürük. Erməni-qriqoryan kilsəsi hər zaman müharibə, insanlıq əleyhinə cinayətlərin təbliğatçısı, çarçısı rolunda çıxış edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, I Qarabağ müharibəsində də erməni kilsəsi öz xarakterinə uyğun davranıb:
“Məhz erməni kilsəsinin “xeyir-duası” ilə azərbaycanlılara, dinc insanlara divan tutulub. Ermənistanda kilsənin fəaliyyəti məhz bu istiqamətdədir. Çünki erməni-qriqoryan kilsəsi xaricdən və erməni lobbisindən almış olduğu bütün göstərişləri icra edən yerli təşkilat kimi çıxış edir”.
Millət vəkili II Qarabağ müharibəsində erməni kilsəsinin aktiv olduğunu bildirib:
“Vətən müharibəsinin gedişində erməni tərəfindən keşişlərin cəbhə bölgəsinə gəlişi, bir çox hərbi əməliyyatlarda iştirakı ilə bağlı faktlar var. Çünki erməni kilsəsi həmişə öz mahiyyətinə uyğun olaraq müharibə və qan tökülməsini təşviq edib. Bu, bir daha erməni kilsəsinin tamamilə siyasiləşdiyini, xristian dini adından sui-istifadə etdiyinin təzahürüdür. Xristianlıqda deyilir ki, insanları öldürməyin, sülhə tərəfdar olun. Hətta bir üzünüzə zərbə vurulsa, digər üzünüzü çevirin. Amma erməni kilsəsi günahsız insanlara qarşı terrorun iştirakçısı və təşkilatçısı kimi çıxış edir”.
Ceyhun Məmmədova görə, post-müharibə dövründə də erməni kilsəsi məkirli siyasətindən uzaqlaşmayıb:
“Reallıq odur ki, kilsə Ermənistanda özünü hakimiyyətdən daha üstün hesab edir. Bir çox hallarda kilsənin verdiyi qərarlar hökumətin qərarlarından daha üstün qəbul edilir. Hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesinə qarşı çıxan qüvvələrdən biri erməni-qriqoryan kilsəsidir. Çünki kilsə Azərbaycanla münaqişənin davam etməsində maraqlıdır. Qriqoryan kilsəsinə erməni diasporu və asılı olduğu dairələrin göstəriş belədir. Ona görə də, erməni kilsəsi sülhü pozmaq üçün bütün imkan və vasitələri səfərbər edib”.