Avqustun 25-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Moskvaya səfəri çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə, Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.
Azərbaycan və Rusiyanın ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə malik olduqları bildirilib.
Görüş zamanı, iki ölkə arasında siyasi dialoqun, müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, mədəniyyət, humanitar və s. sahələr üzrə əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğu qeyd olunub. Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.
E.Məmmədov, həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, Ermənistan tərəfinin bu səylərə xələl gətirən, beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olan hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.