29 Avqust 2023 09:05
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Azərbaycanla sülhə Ermənistanın müstəqillik aktı və digər qanunlarının da əngəl olduğu bildirilir. Hətta, Nikol Paşinyan da Ermənistanı kadastrı olmayan ölkə adlandırıb. Belə olan Ermənistanın hüquqi müstəvidə qonşuları ilə hansısa bir razılığa gəlməsi nə dərəcədə realdır?

- Ermənistanın müstəqillik bəyannaməsində onlar Qarabağı öz əraziləri kimi qələmə vermişdilər. Lakın Qarabağı Ermənistanın tərkib hissəsi kimi dünyada heç bir dövlət tanımadı. Bundan sonra Ermənistan münaqişəli bir dövr yaşadı. Döyüşlər, çəkişmələr, atışmalar oldu. Nəhayət, 2020-ci ildəki 44 günlük müharibədə Ermənistan Azərbaycana məğlub oldu. Onun ümid etdiyi, bel bağladığı Rusiya I Qarabağ müharibəsi dövründə olduğu kimi Ermənistanı müdafiə etmədi. Eyni zamanda keçmiş SSRİ dağıldıqdan sonra Ermənistan öz ərazisini elan etmişdi. Bura keçmiş Dağlıq Qarabağ da daxil edilmişdi. Ona görə də, Paşinyan indi onu demək istəyir ki, Ermənistanın ərazisi haqqında beynəlxalq aləmin qəbul etdiyi ciddi kadastr sənədi yoxdur. Fakt odur ki, indi də erməni tərəfi Qarabağı Azərbaycan ərazisi kimi tanımaq istəmir. Bunu onlar sadəcə olaraq sözdə deyir. Əməldə isə real addım yoxdur. Bunun qarşılığında Azərbaycan öz bildiyi doğruları həyata keçirir. Ermənistanın tərəfinin iddiası isə delimitasiya, demarkasiya prosesi olmadan tamamilə əsassız hesab edilir. Bu sadə həqiqəti indi Ermənistan rəhbərliyi nəhayət ki, anlamalıdır.

- Sizcə, Ermənistanın ərazi bütövlüyünün tanınması, Paşinyanın dediyi kadastr sənədi məsələsi necə həll edilməlidir?

- Dünya ölkələri, beynəlxalq təşkilatlar Ermənistanı hansısa bir ərazi çərçivəsində tanıması məsələsində başlıca şərtlər var. Bu ilk növbədə Azərbaycanla bağlıdır. Çünki Ermənistanın ərazi iddiası ilə üzləşən onun qonşuluğunda olan Azərbaycandır. Ona görə də, Paşinyan Azərbaycanın ərazilərini 86,6 min kv km ərazisi daxilində suverenliyini tanıdığını deyir. Öz növbəsində Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıdığını bildirir. Amma Azərbaycan tərəfi burada Ermənistanın ərazi bütövlüyü ilə bağlı konkret rəqəmi demir. Bu da Ermənistanın hələ də Qarabağ və Azərbaycana qarşı ərazi iddiasından imtina etməməsi ilə bağlıdır. Ermənistan Qarabağa olan iddiasından əl çəkdikdən və Azərbaycan ərazisində separatizmə dəstəkdən imtina etdikdən sonra bu ola bilər. Belə olan halda Azərbaycan da Ermənistanın ərazisini konkret rəqəmlərlə tanıdığını bəyan edəcək. Bu o deməkdir ki, Ermənistanın kadastr sənədi Azərbaycandadır.

- Erməni tərəfinin ərazi iddiası ilə bağlı son məqam nədən ibarət ola bilər? Yəni, proses bu şəkildə nə vaxta qədər davam edəcək?

- Əgər bu yaxınlarda Ermənistan ərazi iddiasından əl çəkməsə, Azərbaycan Qarabağda tərksilah əməliyyatları icra edəcək. Beləliklə də Qarabağda olan qanunsuz hərbi birləşmələr sıradan çıxarılacaq. Bu da ermənilər üçün böyük çətinliklər yarada bilər. Sözsüz ki, buna görə indiki kimi Azərbaycana qarşı təzyiqlər olacaq. Amma bunlar mənasızdır. İndi bölgəyə girmək istəyən qüvvələr bulanıq suda balıq tutmaq üçün məqam gözləyir.

- Qarabağda yaşayan ermənilərin təmsilçiləri ilə Bərdədə gözlənilən görüş də baş tutmadı. Separatçılar da iddia edirlər ki, neytral ərazidə bu görüş ola bilər. Bu məsələdə çıxış yolu nədən ibarətdir?

- Burada məsələ tamam başqa cürdür. Hansısa bir qondarma rejimin tanınması məsələsi gündəmə gələ bilməz. Onlar bu gün öz müqəddəratını təyinetmədən danışırlar. Bu mümkün olan məsələ deyil. Beynəlxalq hüquq bunu rədd edir. Kataloniya xalqı da öz müqəddəratını təyinetmədən danışırdı. Baş verənləri bütün dünya gördü. Separatizmə can atanları İspaniya hökuməti həbs etdi. Özünü demokratik göstərən Qərbdə də separatizm bu cür həll edilir. Ona görə də, Ermənistanın Qərbdə özünə himayəçi, böyük qardaş, ağa axtarması mənasızdır. Onlar anlamır ki, həqiqi müstəqillik real siyasətdən asılıdır. Ermənistan qonşuları ilə xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırsa bu onun üçün daha faydalı olar. Əgər Ermənistan Türkiyə ilə münasibətləri qaydaya sala bilsə, 5 ildən sonra təhlükəsizliklərinə təminat almış olar. Amma fakt odur ki, bu, ermənilərin ağlına gəlmir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər