"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zaur müəllim, rəsmi Bakının real addımları fonunda prosesin gedişində mühüm dönüş baş verir. Humanitar şou ətrafında yaradılan təxribat fonunda Fransanın bölgə ilə bağlı niyyəti ilə bağlı suallar yaranır. Bölgəyə heç bir bağlılığı olmayan Fransanın Ermənistan üçün bu qədər canfəşanlığı nə ilə bağlıdır?
- Azərbaycan ərazisində baş verən proseslərdə ölkəmizin şərtlərinin keçərli olduğunu beynəlxalq aləm başa düşdü. Onların nə deməsindən asılı olmayaraq Bakının istəkləri həllini tapmalıdır. Azərbaycan bu məsələlərə görə, kiminsə şərtlərini, diqtəsini qəbul edən deyil. Fransa kimi ölkələr bunun əyani şahidi oldular. Qarşıdakı günlərdə və aylarda Fransa təxribatlarını davam etdirəcəksə, bu, onların birmənalı məğlubiyyəti ilə bitəcək. Beləliklə, Fransanın onsuz da aşağı düşmüş nüfuzu yerlə bir olacaq. Emmanuel Makrona qədər olan Fransa prezidentləri prosesdə balansı qoruyur, rasional siyasət yürüdürdülər. Makron isə Mixail Qorbaçovu özünə örnək götürərək tarixə hansı adla düşəcəyini bilməlidir.
- Xankəndidə separatçılarla mülki ermənilər arasında qarşıdurma müşahidə edilir. Bu qarşıdurmanın dərinləşməsi fonunda bölgəyə müdaxilə imkanlarını necə dəyərləndirirsiniz?
- Humanitar yüklə bağlı məsələ bəllidir. Ötən gün Xankəndidə toplanan mülki ermənilərin özləri də qeyd edirdilər ki, separatçı hakimiyyət unu və ərzağı onlardan gizlədir. Bununla da oradakı sakinlərə humanitar problemlər yaradılır. Nəhayət erməni mülki əhali bunu başa düşməyə başlayır. Çünki Azərbaycan erməni mülki əhaliyə media və digər vasitələrlə Xankəndi və ətrafdakı ərazilərdə əslində heç bir humanitar problemin olmadığını çatdırır. Fakt odur ki, burada separatçılar məqsədli şəkildə süni ajiotaj yaradır. Məqsədləri qondarma rejimi qoruyub saxlamaqdır. Sadəcə olaraq erməni mülki əhali 30 il ərzində bundan dərs çıxartmalı idi. Təəssüflər olsun onlar hələ də bu reallığı dərk edə bilməyib.
- Separatçılarla bağlı Fransanın planı nədən ibarətdir? Paris BMT və digər təşkilatlarda bu prosesi hara qədər inkişaf etdirmək istəyir?
- Erməni tərəfi öz ambissiyalarından asanlıqla imtina etmək fikrində deyil. Nəhayət separatçılar da açıqlama verir ki, ilk olaraq Azərbaycanın tələbi yerinə yetirilməlidir. Separatçıların mövcudluğu bəzi qüvvələrin onlara verdiyi dəstəklə bağlıdır. Bu gün Fransa hökuməti erməni məsələsini gündəmdə saxlamağa çalışır. Özlərinin problemləri, çağırışları həddindən artıq çox olduğu şəraitdə belə rəsmi Paris öz qərəzli siyasətini davam etdirir. Görünən odur ki, onlar dayanmaq niyyətində deyil. Fransa BMT Təhlükəsizlik Şurasında və ayrı-ayrı təşkilatlarda da açıq şəkildə öz ətrafına dəstəkçilər toplamağa çalışır. Məqsəd Azərbaycana qarşı daha çox çıxışçıların olmasına nail olmaqdır. Düşünürlər ki, bununla separatçıların status-kvo vəziyyətini gələcəyə saxlaya biləcəklər.
- Belə olan halda Azərbaycan Qarabağda tam nəzarət mexanizmləri işə sala bilər. Bu da bölgənin tamamilə silahsızlaşdırılması dəməkdir...
- Azərbaycan istədiyi vaxt Qarabağda antiterror əməliyyatları icra edə bilər. Sadəcə olaraq Azərbaycan sülh və dialoq şəraitində bütün proseslərin həllini tapmasını istəyir. Bununla bağlı yol xəritəsi var. Bu yol xəritəsi Rusiya, Fransa, ABŞ-a da yaxşı məlumdur. Bu ondan ibarətdir ki, Qarabağdakı ermənilərə bəzi yerli idarəçilikdə hüquqlar verilə bilər. Nəhayət ki, bununla da bölgədə separatçılığa son qoyulur. Bunun üçün isə təbii ki, bölgədə heç bir erməni hərbi birləşməsi qalmamalıdır. Bölgə yeni bir mühitə keçməlidir. Bununla da bölgədə Azərbaycan bayrağı dalğalanacaq və ölkəmiz pul vahidi manatdan istifadə ediləcək.