Fransa hakimiyyəti Azərbaycana qarşı özlərinin məkirli planına əsasən bütün imkanlarını səfərbər edib. Onlar ermənilərdən daha çox canfəşanlıq edirlər. Ermənistanda yaşayan ermənilərin əksəriyyəti ümumi şəkildə prosesdə məğlubiyyətə uğradıqlarının fərqindədir. Çünki bu qarşıdurma ölkə daxilində olan proseslər, erməni cəmiyyətinin özünə ziyandır. Fakt odur ki, Ermənistanda hakimiyyətə gəlmək uğrunda açıq savaş gedir. Fransada isə erməni lobbisinin təsiri və dövlət strukturlarına birbaşa müdaxiləsi nəticəsində indiki mənzərə yaranıb.
Bu sözləri Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, ermənilərin Fransadakı gücünü nəzərə almamaq bu ölkənin rəhbərliyi üçün çətin durum yaradar:
“Ona görə də, onları Ermənistan və onun daxilində olan proseslər maraqlandırmır. Fakt odur ki, Fransa hakimiyyəti erməni lobbisinin istəklərini icra edir. Bu, onlar üçün bir vəzifə hesab edilir. Fransanın Ermənistanın problemlərini beynəlxalq səviyyədə qaldırması bundan qaynaqlanır. Əslində bununla Fransa hakimiyyəti erməni lobbisinin dəstəyi ilə ambissiyalarını reallaşdırır. Hətta Ermənistan bu məsələlərdən əl çəksə belə Fransa bundan imtina etməyəcək. Çünki bu onlar üçün problemlərinin həllinə təminat yaradan bir məsələdir”.
Millət vəkilinə görə, Fransa Laçın yolu ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına daşımaqla heç nəyə nail olmayacaq:
“Fransanın istəyi reallaşmayacaq. BMT TŞ-nin əsas 5 daimi üzvü bu məsələ ilə bağlı yekdil fikir bildirməlidir. Bu isə mümkün deyil. Əsas hədəf isə Azərbaycana təsir göstərməkdir. Bununla da güclü Azərbaycanın rolunu gündəmdən çıxarmaq istəyirlər. Azərbaycan isə bu gün Avropada enerji təhlükəsizliyi və bir çox məsələlərdə etibarlı tərəfdaş kimi qəbul edilir. Ona görə də, Azərbaycanla bağlı məsələ heç də tək regionla bağlı deyil. Beynəlxalq təşkilatların daxilində olan problemləri də diqqətdən qaçırmaq olmaz”.
Səməd Seyidov hesab edir ki, bu gün BMT-nin özü böhran yaşayır:
“Bununla bağlı Prezident İlham Əliyev və Türkiyə Prezidenti dəfələrə açıq fikir bildirib. Çünki mövcud olan təhlükəsizlik sistemi yox səviyyəsindədir. Yeni təhlükəsizlik sistemi yaranır. Burada isə beynəlxalq qanunları bəzi hallarda rədd edirlər. Bu dövlətlərin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və s məsələlərlə bağlıdır. Kapitulyasiya aktına imza atmış Ermənistanın yenidən baş qaldırması da bu qəbildəndir”.
AŞPA təmsilçisi Azərbaycanla sərhəddə Ermənistanın hümanitar yardım adı altında göndərmiş olduğu TIR-ların da təxribatın tərkib hissəsi olduğunu söyləyib:
“Təəssüf ki, beynəlxalq təşkilatlar Azərbaycana bu məqsədlə təzyiq etməklə onun ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı açıq şəkildə hörmətsizlik edirlər. Sözsüz ki, bu ölkəmizə qarşı düşünülmüş, beynəlxalq təşkilat və hümanist prinsiplərdən sui-istifadə edərək elan olunmamış müharibədir. Bu müharibə sadəcə olaraq silahla aparılmır. Əllərində olan və idarə edilən təşkilatlarla Azərbaycana faktiki olaraq bu şəkildə müharibə elan ediblər. Amma başa düşmürlər ki, bununla beynəlxalq dəyərləri heç endirib daha böyük krizisə yol açmış olacaqlar. Nəticədə də özləri zərər çəkəcək”.