4 Sentyabr 2023 18:18
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfinin Azərbaycanın 23 apreldə Laçın sərhəd-buraxılış məntəqəsini yaratdıqdan sonra qaldırmış olduğu hay-küyün heç bir mənası yoxdur. Çünki ərazi Azərbaycana məxsusdur. Burada Azərbaycan dövləti qanuni olaraq istədiyi addımı ata bilər. Ermənistan isə Qarabağda hələ də saxladığı qanunsuz hərbi birləşmələrinə və separatçılara silah-sursat keçirə bilməyəcəyini yəqin etdikdən sonra məsələni “humanitar böhran, blokada” adı altında beynəlxalq ictimaiyyətə təqdim etməyə cəhd etdi.

Bunu Teleqraf.com-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

O bildirib ki, erməni tərəfi havadarlarının yardımı və köməyi ilə guya Azərbaycan Qarabağda yaşayan erməni əsilli insanlar üçün “soyqırımı” həyata keçirir iddiası ilə çıxış etməyə başlayıb:

“Sözsüz ki, hər bir məsələdə erməni yalanlarına və iddialarına dəstək verən Fransa və onun prezidenti Emmanuel Makron Azərbaycana qarşı təzyiq və təsirlərlə nəyəsə nail olacaqlarını düşünürdü. Amma Azərbaycanın beynəlxalq müstəvidə güclənmiş mövqeyi, ölkəmizə olan inam və etimad bu absurd iddiaları da alt-üst etdi. Ermənistanın bir müddət öncə Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmış olduğu məsələ fiaskoya uğradı. Erməni tərəfi BMT TŞ-dən heç bir bəyanat almadan ümidsiz döndü. Amma buna baxmayaraq ona böyük bacılıq edən Fransa hələ də Ermənistanın maraqları uğrunda var-gəl edir. Bu günlərdə Makronun yerli Fransa mətbuatına vermiş olduğu müsahibədə “Laçın yolundakı” vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasında yenidən məsələ qaldıracaqlarını açıqladı. Bütün bunlar Ermənistan və Fransanın Azərbaycana qarşı məkirli planlarından, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan cəhdlərin açıq təzahürüdür”.

Professor hesab edir ki, Ermənistanın Azərbaycanın razılığı olmadan onun ərazisinə hansısa bir yardım göndərməsi məntiqsizdir:

“Bu, beynəlxalq hüquqda, ölkələrin ərazi bütövlüyü və təhlükəsizliyi, eyni zamanda sərhədlərinin mühafizəsi ilə bağlı normativ aktlarda açıq şəkildə öz əksini tapıb. Ona görə də, Ermənistanın Qarabağda humanitar “fəlakət” və “blokada” ilə bağlı yaratmağa çalışdığı hay-küyün heç bir mənası yoxdur. Azərbaycan Ağdam-Xankəndi yolu ilə bölgəyə ərzaq və digər zəruri məhsulların çatdırılması üçün marşurut təklif edib. Amma fakt odur ki, Qarabağda olan separatçı xunta rejimi bundan imtina edir. Öz növbəsində Ermənistan və onun havadarları da hər gün davam edən təxribatları fonunda bölgədə “humanitar fəlakətin” yaranması ilə bağlı əsassız informasiyalar tirajlayırlar”.

Məhəmməd İmanlıya görə, Azərbaycan dövləti özünün hümanizm prinsiplərinə sadiq olaraq ərazisində yaşayan şəxslər üçün yardım təklif edir:

“Artıq yeddi gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir. Avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki dayanan TIR-lar Rusiya sülhməramlılarının postunun qarşısındadır. Əgər doğrudan da Qarabağda yaşayan erməni əsilli insanların ərzağa və digər məhsullara ehtiyacı varsa, onlar Azərbaycanın təklif etdiyi yardımı qəbul etməli idi. Fakt isə odur ki, onlar bu yardımdan imtina edir. Ümumiyyətlə onlar Azərbaycan vasitəsi ilə və Azərbaycanın təklif etdiyi bütün yardımları qəbul etməyəcəklərini açıqlayıb. Bu isə orada heç bir hümanitar fəlakətin olmadığını, baş verənlərin şou xarakteri daşıdığını göstərir. Sadəcə olaraq erməni lobbisinin xaricdə ələ aldığı siyasətçilər vasitəsi ilə prosesdən Azərbaycana qarşı təzyiq kimi yararlanmağa çalışırlar. Bütün bunlar isə mənasızdır. Çünki proseslərin gedişi göstərir ki, Azərbaycanın haqlı mövqeyi hər zaman olduğu kimi bu dəfə də qələbə qazanacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər