Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, xüsusilə Cənubi Qafqaza davamlı sülhün gəlməsi üçün ölkəmiz müxtəlif platformalarda Ermənistanla reallıqların diktə etdiyi şərtlər əsasında razılıq əldə olunmasına çalışır. Azərbaycan bu istiqamətdə özünün vasitəsiləçilik imkanlarını təklif edən tərəflərlə əməkdaşlıqda maraqlı olduğunu bəyan edib. Təəssüf ki, biz indiyə qədər bir neçə, Vaşinqton, Brüssel, Moskva formatı çərçivəsində Ermənistan rəsmi nümayəndələri, xüsusilə baş nazirlə keçirilən görüşlərdə bir sıra ciddi nəticələrə, Ermənistanın üzərinə öhdəliklər götürməsinə nail olsaq da, bu günə qədər həmin öhdəliklərin sənəd üzərindən praktikaya, reallığa tətbiqini müşahidə etməmişik. Bu prizmada ABŞ başda olmaqla kollektiv Qərbi xüsusilə fərqləndirmək istəyirəm.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, 10 noyabr bəyanatı ilə Rusiya Cənubi Qafqazda proseslərin tənzimlənməsində müəyyən qədər ABŞ və Fransa ilə paylaşdığı imkanları, təsir rıçaqlarını onların əlindən almış oldu: "Tam mənada Cənubi Qafqazdakı proseslərin moderatoru rolunda çıxış etmək iddiasını bir daha nümayiş etdirdi. İlk dövrlər ABŞ və Fransa, kollektiv Qərb bu prosesə o qədər də xüsusi diqqət yetirmirdi. Çünki hesab edilirdi ki, Rusiyanın vasitəçiliyi effekt nəticələr doğurmayacaq, qısa müddət ərzində Ermənistanla Azərbaycan arasında yenidən münaqişə alovlanaraq müharibə həddinə çatacaq, tarixdə ilk dəfə Rusiyanın Türkiyə ilə birgə şəkildə vasitəçilik missiyası ciddi sual altına düşəcəkdi. Lakin ötən bir neçə il ərzində bu prosesin effektiv olduğunu, bölgədə kövrək də olsa, sülhün əldə edildiyini və bu sülhün qorunub saxlanması, Rusiya-Türkiyə vasitəçiliyi ilə Azərbaycanın güclü iradəsinin mühüm nəticələr, töhfələr verdiyini gördükdən sonra Qərb yenidən aktivləşməyə başladı. 44 günlük Vətən müharibəsi və onun yekunu olaraq 10 noyabr bəyanatı ilə ciddi zərbələr almış təsir imkanlarını yenidən aktivləşdirmək istiqamətində cəhdlərə başladılar. Xüsusilə 2022-ci ilin sonlarında Fransanın aktivləşməsini və 2023-cü ilin əvvəllərindən başlayaraq rəsmi Vaşinqtonun bu istiqamətdə aktiv fəaliyyətini qeyd etmək istəyirəm. Çox təəssüf ki, uzun illər ərzində Minsk Qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə bitərəf vasitəçilik missiyasını öz üzərinə götürdüyünü iddia edən ABŞ və Fransadan ötən müddət ərzində real bir davranış müşahidə etmədik. Əksinə tamamilə münaqişəni yenidən alovlandıracaq, konfrantasiyanı genişləndirəcək, Ermənistanda və Qarabağdakı separatçı qüvvələr arasında revanşist düşüncəni alovlandıracaq fikirlərə, bəyanatlara rast gəldik. Zaman-zaman Fransa senatının reallıqların şərtlərinə qətiyyən uyğun olmayan absurd söz yığını, bəyanatlarını gördük. Eyni zamanda ABŞ Dövlət Departamentinin, ayrı ayrı senatorların, hətta ABŞ dövlət katibinin dilindən müstəqil dövlət olan Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə kimi qiymətləndirilə biləcək, beynəlxalq hüququn prinsiplərinə daban-dabana ziddiyyət təşkil edən, bölgədə sülh prosesinin normallaşmasına ciddi zərbə vuracaq sözlər eşitdik. Ayrı-ayrı dövrlərdə "Dağlıq Qarabağ xalqının hüquqları, onların təhlükəsizliyi məsələsinin Ermənistanla imzalanacaq sülh müqaviləsinə salınması, Dağlıq Qarabağ xalqına qarşı etnik ayrı-seçkiliyin aparılması, onlara qarşı müharibənin elan olunması" kimi absurd bəyanatları eşitdik. Məsələ hətta o yerə qədər gəlib çatdı ki, Ermənistanın baş naziri Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı fikirlər səsdirdiyi halda biz ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin dilindən Roma Papasından daha artıq katolik olmaq cəhdi kimi qiymətləndirilə biləcək "Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlik məsələləri statusu Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin mətninə əlavə edilməlidir" kimi gülüş doğuran, ABŞ-ın qlobal təhlükəsizliyin qarantı rolunda çıxış etmək iddialarına qətiyyən uyğun olmayan fikirlərin şahidi olduq. eşitdik. Əfsuslar olsun ki, bu gün demokratiya, insan haqları, beynəlxalq hüququn prinsiplərinin qorunmasından ağız dolusu danışan ABŞ rəsmi şəxslərinin dilindən bu fikirləri eşitməklə əslində Birləşmiş Ştatların əsl mahiyyətini bir daha görmüş oluruq".
Siyasi ekspert qeyd edib ki, Birləşmiş Ştatlar vahid qlobal güc iddiasında olub, dünyanın müxtəlif ölkələrdə qlobal güc iddiasında olan rəqiblərinə qarşı amansız savaş açıb və həmin bölgələrdən biri qismində də Cənubi Qafqazı görür:"Ermənistana verdiyi açıq dəstək, revanşist qüvvələrin mövqeyini güclənməsinə xidmət edən, separatizmə dəstək davranışları əslində qlobal güclərlə apardığı mübarizənin elementlərindən biridir. Çox təəssüf ki, belə mübarizədən əziyyət çəkən də bölgə xalqları olur. Bunlar ABŞ rəsmilərinin qətiyyən diqqətində deyil. ABŞ imperialist iddialarından əl çəkməyib, sadəcə Rusiya kimi dövlətlərdən fərqli olaraq klassik metodlarla deyil, müasir texnologiyalardan yararlanmaqla öz imperialist maraqlarını həyata keçirir. ABŞ-ın hərbi güc tətbiq edərək imperialist maraqlarını həyata keçirdiyini müşahidə etməyəcəyik. Amma hər zaman inkişafda olan, müstəqil xarici siyasət yeritmək iddiasında olan dövlətlərin yanında marinet idarəetmə formalaşırıb, işğalçı, təcavüzkar siyasət vasitəsilə həmin dövlətlərin daxili işlərinə müdaxilə etməyə çalışır. Bu gün ABŞ-ın yürütdüyü siyasət, ABŞ Dövət Departamenti, senatorlarınnın möveyi məhz bu tezisin reallaşmasına xidmət edir. Hesab edirəm ki, baş verən proseslər ABŞ-ın Cənubi Qafqazda davamlı sülhün tərəfdarı olmadığını göstərir. 30 il ərzində işğal faktını bizə qəbul etdirməyə çalışdığı kimi indi də yenidən münaqişəni alovlandırmaq, Ermənistanı üzərinə götürdüyü öhdəliklərdən yayınma meydançası formalaşdırmaq, manevr imkanlarını genişləndirmək və nəticə etibarilə bölgədə sülhün gəlməsinin qarşısını almaq istiqamətində addımlar atır. Tarixi təcrübə göstərir ki, bu günə qədər özünün açı neoimperialist maraqlarından çıxış edən Fransa Ermənistanı alət etməklə bölgə xalqlarına, onların hüquqlarına zidd təsir göstərmək istəyi necə baş tutmadısa, bu prosesdən yalnız Fransa xalqı əziyyət çəkdiyi kimi ABŞ da bu prosesdən qalib çıxa bilməyəcək. Bu günə qədər maliyyə separatizmi ilə Qarabağdakı separatçılara dəstəyini nümayiş etdirən, Azərbaycan daxilində separatizmin alovlanmasına xidmət edən ABŞ 907-ci düzəlişlə bizi daim təhdid altında saxlamağa çalışır, amma unudur ki, Azərbaycan 90-cı illərdə dünya dövlətlərinə, ayrı-ayrı gücləyə möhtac olan Azərbaycab deyil. Bir çox dövlətlər müstəqil siyasət yeridən, güclü iradəyə sahib olan Azərbaycana ehtiyac var. Azərbaycanın ortaya qoyduğu mövqe, onun liderinin qətiyyətli yanaşması həmin güclərin neoimperialist iddialarının reallaşmasına qətiyyən imkan vermir və bundan sonra da verməyəcək".