18 Sentyabr 2023 13:02
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Antoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm də Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq etmək əvəzinə, öz mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə də Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələr bir daha riyakarlığı dövlət siyasəti səviyyəsinə yüksəldən Birləşmiş Ştatların ölkəmizə qarşı hansı mövqedə dayandığını açıq-aşkar nümayiş etdirdi:

"ABŞ Dövlət Departamentinin hesabatlarında da rəsmi Vaşinqtonun ikili standartlara əsaslanan siyasətindən irəli gələn əsassız fikirlər öz əksini tapır. 30 illik işğal dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü, artıq tarixin arxivinə göndərilmiş keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-dan ədalətli mövqe gözləsə də bunun mümkünsüzlüyünün şahidinə çevrilib. ABŞ Konqresi müxtəlif adlar altında maddi və mənəvi dəstəyini həm Ermənistana, həm də onun hərbi-siyasi dəstəyi ilə Azərbaycanın ərazisində yaradılmış qondarma separatçı rejimə də göstərir.

Komitə sədri qeyd edib ki, aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun “seçkilərini” tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirmək məcburiyyətində qaldı:

"ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır. Görünən budur ki, bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. İkili standartlara əsaslanan siyasətlərini işğal faktına münasibətdə seyrçi mövqedə dayanmaqla davam etdirdilər. İşğalçı ölkəni dəstəkləmək bu siyasəti müdafiə etmək deməkdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər