"Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib".
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
İşğal altında olmuş torpaqlarda 67 məsciddən 65-nin məhv edildiyini, ikisinin isə yarı dağılmış vəziyyətdə olduğunu söyləyən dövlətimizin başçısı bunun Azərbaycana qarşı urbisid və kultursidin təzahürü olduğunu diqqətə çatdırıb.
Böyük Qayıdış Proqramına toxunan Prezident İlham Əliyev həmin Proqramın azad edilmiş bütün ərazilərin bərpasını əhatə etdiyini vurğulayıb.