6 Oktyabr 2023 21:29
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycanla ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmir yolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə etdilər.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə edildi.

Tərəflər regionun tranzit cəlbediciliyinin artırılmasının önəmini qeyd edərək, “Şimal-Cənub” dəhlizinin vacib komponenti olan Astaraçay üzərində inşa edilmiş körpünün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğuladılar.

Eyni zamanda, Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verildi.

Görüşdə, həmçinin “Xudafərin”, “Qız qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə yekunlaşdırılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyi qeyd edildi.

Danışıqların yekunlarına görə, iki ölkə arasında aşağıdakı sənədlər imzalandı:

- İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu;

- Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər