9 Oktyabr 2023 12:30
2 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində artıq bir neçə müşahidə məntəqəsi bağlanıb. Amma bu, onların ərazini tam tərk etməsi demək deyil. Sadəcə olaraq yaşayış və fəaliyyət olmayan ərazilərdə sülhməramlıların postları yığışdırılır. Erməni əsilli sakinlər ərazidən çıxdığı üçün onlara ehtiyac qalmayıb.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, vaxtilə rus sülhməramlıları ərazidə 20-i əvəzinə 25 post qurmuşdular:

“Bununla bağlı Azərbaycan tərəfi narahatlığını bildirmişdi. Bu günlərdə Füzuli Beynəlxalq Hava limanına enmiş Rusiyaya məxsus təyyarə ilə onlara məxsus silah-sursatın bir qisminin ərazidən çıxarılması ehtimalı var. Ola bilsin separatçılara məxsus silahların bir qismi də ruslara təhvil verilib. Çünki 10 minə yaxın terrorçu və qanunsuz erməni silahlısı var idi. Həmin sayda kontigentdən isə təhvil verilən silahların siyahısı arasında müqayisələr mövcuddur”.

Polkovnik hesab edir ki, rus sülhməramlılarının bölgədə qalmaq niyyəti var:

“Çünki erməni əsilli vətəndaşlar geri qayıtdıqdan sonra onlara burada ehtiyacın olacağı ilə bağlı ehtimallar səslənir. Həmçinin Azərbaycan-Rusiya birgə patrulununun yaradılması ilə burada təhlükəsizliklə bağlı işlərin görüləcəyi deyilir”.

Hərbi ekspert Azərbaycan tərəfindən Qarabağda terrorçu-separatçıların rəhbərlərinin həbsi fonunda hərbi cani Vitali Balasanyanın aqibəti ilə bağlı bir sıra xəbərlərin dolaşdığını bildirib:

“Əsas ehtimal edilən odur ki, rus sülhməramlıları Vitalı Balasanyanı Qarabağdan çıxışını təmin edib. Fakt odur ki, bu terrorçu Laçın sərhəd-buraxılış məntəqəsindən keçməyib. Rus sülhməramlılarının Balasanyanı helikopterlə İrəvana qaçırması ilə bağlı iddialar var. Samvel Şahramanyanla bağlı da fərqli yanaşmalar var idi. Amma onun keçidi ilə bağlı da müəyyən müəmmalar mövcuddur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər