"Delimitasiyanın Ermənistanın iddia etdiyi xəritə əsasında olması iddiası heç bir məntiqə sığmır".
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Birinci Kanala müsahibəsi zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
Qeyd olunub ki, ərazi bütövlüyünə hörmətin və delimitasiyanın hər hansı bir kvadrat kilometr ilə ölçülməsi və ya hər iki tərəfdən indiyə qədər təsdiq olunmamış xəritə əsasında müəyyən edilməsi təcrübəsinin mövcud olmadığı bir şəraitdə Ermənistan baş nazirinin yenidən bu məsələlərə istinad etməsi təəccüblüdür.
"Keçmiş SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığını, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur. Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir. Ermənistanın ərazi iddiaları səbəbindən bugünədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya etmədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır", - XİN-in şərhində bildirilib.