Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu unudulmaz tarix bir xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. O, göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz cənab Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputat Tamam Cəfərova deyib.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyev Xankəndi şəhərində çıxışı zamanı müasir tariximizin olduqca önəmli məqamlarını xalqımıza xatırlatmaqla yanaşı, bir çox mühüm mesajlar verdi. Cənab Prezident çıxışında xatırlatdı ki, yüz il bundan əvvəl Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Cənab Prezident çıxışında deyib: “Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər.” Ötən dövr ərzində Azərbaycan xalqı bir çox faciələrlə üzləşdi, bir çox mürəkkəb situasiyalar qarşısında təkbaşına mübarizə aparmalı oldu. Tarixdən dərs çıxarmalı və tarixi düzgün qiymətləndirməliyik. 60-cı illərdən üzü bu yana xalqımızın Ümummilli Lider Heydər ƏLiyev kimi bir hamisi, lideri var idi. Azərbaycan xalqı həmin dövrü yaxşı xatırlayır. Hamımız yaxşı xatırlayırıq ki, 1969-1982-ci illərdə Azərbaycanın tarixi torpaqlarında heç bir xoşagəlməz hadisə baş verməmiş, xalqımız firavan və əmin-amanlıq mühitində yaşayıb. 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldıqdan iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ Fransanın bir qəzetində qaldırılmışdı. Göründüyü kimi hədisələr, şəxslər dəyişsə də bəzi şeylər olduğu kimi qalır. Yenə də Fransa, yenə də eyni saxtakarlıq, eyni riyakarlıq.
Millət vəkili Tamam Cəfərova bildirib ki, tarixin çətin anlarında böyük şəxsiyyətin bütün valığı xalqı ilə bütünləşmişdi. Bu sayədə Azərbaycan xalqı 90-cı illərin qaranlığından işıqlı, aydınlıq günlərə qədəm qoydu. O qaranlıq günlərdə Azərbaycanın tarixi torpaqları işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Azərbaycan xalqı yarıtmaz “siyasətçilərin” əlində faciələrlə dolu tarix yaşamağa məhkum edilmişdi. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində 20 faiz torpağımız işğal altına düşmüş, sonra da həmin satqınlar guya öz vəzifələrini donduraraq kənara çəkilmişdilər.
Yenə də Heydər Əliyev dühası və onun xilaskarlıq missiyası sayəsində Azərbaycan xalqı xoşbəxt, şərəfli, ləyaqətli gələcəyə doğru ilk addımlarını atdı. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.
Məhz Heydər Əliyev ənənələrinin, ideyalarının işığında onun anadan olmasının 100-cü ildönümünü cənab Prezident İlham Əliyev Qarabağın tacı Şuşada qeyd etdi. Bu, Onun ruhuna, xatirəsinə və eləcə də vəsiyyətinə ən Ali ehtiramın göstəricisi idi.
Bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir. Bir vaxtlar Azərbaycan xalqına qarşı təhqir, təhdid, hədə üslubunda danışan, Bakıda çay içəcəyini deyən təlxəklər indi Bakıda təcridxana çay içirlər. Bir vaxtlar kinayə ilə Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə səfirlik açsın deyən təlxək “xarici işlər naziri” də başqa bir təcridxanada çay içir.
Millət vəkili Tamam Cəfərova bir məqama da xüsusilə diqqət çəkib. O, bildirib ki, Cənab Prezident İlham Əliyevin çıxışı eyni zamanda onun təvazökarlığının, nəcibliyinin bir örnəyi idi. O,çıxışı zamanı dedi ki, “...İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq...” Cənab Prezidentin Liderliyi, Sərkərdəliyi və Azərbaycanın qəhrəman oğulları xalqımıza əbədi və əvəzolunmaz qürur ərmağan etdilər. Azərbaycan xalqı bu qüruru, şərəf və ləyaqəti əbədi olaraq, qoruyub saxlamalıdır. Şübhəsiz ki, gələcək nəsillər bu şanlı tarixi fəxrlə öyrənəcəklər. Böyük qürur və şükranlıqla qeyd etməliyik ki, bu şanlı tarixin Sərkərdəsi, Ali Baş Komandanı, Lideri İlham Əliyevdir. Və biz xoşbəxt xalqıq ki, İlham Əliyevin Liderliyi altında bu şanlı tarixin şahidləriyik. Millət vəkili Tamam Cəfərova belə deyib.