30 ilə yaxın xalqımız erməni işğalına, erməni vandalizminə dözdü, məsələnin sülh yolu ilə həll olunacağına inandı. Azərbaycan xalqı və dövləti heç vaxt müharibə istəmirdi, çünki müharibənin yaratdığı faciələri, dəhşətləri bütün ağırlığı ilə yaşamışdı. Lakin, cənab Prezidentin də dediyi kimi, “On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın”. Əlbəttə ki, biz heç vaxt işğalla barışmadıq. 3 il bundan əvvəl 44 günlük Vətən müharibəsi parlaq, tarixi Qələbə ilə başa çatdı, nəticədə ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2020-ci il noyabrın 10-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan mahiyyətcə Ermənistanın təslim olması aktı olan üçtərəfli bəyanat imzalamağa məcbur oldu. Təəssüf ki, bundan sonra Ermənistan tərəfi öz təxribatçı siyasətindən əl çəkmədi, xüsusən də yeni müharibəyə təhrik edən bəyanatlar verdi. Ermənistan tərəfindən “mina terroru”, o cümlədən erməni silahlı qüvvələri tərəfdən Azərbaycan mövqelərinin mütəmadi olaraq atəşə tutulması, artıq mövcud olmayan qondarma xunta rejiminin sentyabrda seçkilər keçirməsi rəsmi Bakını lokal xarakterli antiterror əməliyyatlara başlamağa məcbur oldu. 24 saata yaxın davam edən və peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində dövlətimizin suverenliyi tamamilə bərpa olundu.
Bunu Teleqraf.com-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, beləliklə, Prezident İlham Əliyev həm ölkəmizdə, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlının arzusunu gerçəkləşdirdi: “Müstəqilliyini elan etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir. Bu tarixi hadisənin ən mühüm amili odur ki, bu böyük Qələbə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin planlarına zidd olaraq, dünya ermənilərinin böyük təzyiqlərinə baxmayaraq əldə edildi. Artıq Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət bayrağını Xankəndində qaldırdı. Prezident İlham Əliyevin oktyabrın 15-də bir hissəsi Ermənistanın işğalı altında olan və 44 günlük müharibə nəticəsində azad edilmiş Tərtər rayonuna səfər edib. Dövlət başçısı parkın açılışında, Tərtər rayonundakı Suqovuşan su anbarının təmir işlərindən sonra istifadəyə verilməsində iştirak edərək, Sərsəng su anbarının ərazisində Azərbaycanın dövlət bayrağını qaldırdı. Artıq Azərbaycan bayrağı Ağdərədə, Xocavənddə, Xocalıda dalğalanır. Bütün bunlara Ermənistanda, eləcə də ona himayədarlıq etmiş və verməkdə davam edən ölkələrdə necə reaksiya verdiklərini, dünya ermənilərinin nümayəndələrinin emosiyalarını təsəvvür etmək elə də çətin deyil. Onlar demək olar ki, hər gün “miatsum” və “artsax” adlı layihələri yad edir, baş verənlərin günahkarının axtarışı gedir. Baxmayaraq ki, hər şey göz qabağındadır. Ermənistanın və dünya erməni ictimaiyyətinin məğlubiyyəti 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməsi ilə başlamışdı”.
Millət vəkili bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, o dövrdə çətin görünsə də, qarşısına aydın bir vəzifə qoymuşdu: “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək. 20 il bundan əvvəl Prezident İlham Əliyev deyirdi ki, "Ordu quruculuğu bizim üçün ən vacib, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ordunu bərpa etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir”. Və beləliklə, o, bu çətin olduğu qədər şərəfli və məsuliyyətli vəzifəni həyata keçirə bildi. 2003-cü il Prezident seçkilərində İlham Əliyevin qələbəsinin 20-ci ildönümü günü Qarabağın son böyük qalası olan Xankəndində dövlətçiliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin bütün atributları ucaldıldı. Hazırda xunta reyiminin keçmiş “rəhbərləri” Bakı istintaq təcridxanasında oturub Azərbaycan telekanallarından süjetlərə baxaraq bu tarixi məqamı izləyirlər. Biz dünyadakı on milyonlarla azərbaycanlı adından çıxış edərək milli arzumuzu reallaşdıran şəxsə - Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edirik. Qazilərimizə şəfa diləyiriik. Bu gün səngərdə xidmət edən hərbiçilərimizə can sağlığı arzulayırıq”.
Deputat vurğulayıb ki, düz 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı öz gələcəyini ona etibar edərək İlham Əliyevi ölkə Prezidenti seçdi: “Sabitlik və inkişafın simvoluna çevrilmiş, ərazi bütövlüyünü və suverenliyini bərpa edən bugünkü Azərbaycan bu tarixi seçimin düzgünlüyünün ən yaxşı təsdiqidir. Prezident İlham Əliyev hələ 20 il əvvəl geosiyasi tendensiyaları görürdü və ölkənin hansı istiqamətdə hərəkət etməli olduğunu, strateji prioritetlərin harada müəyyən edilməli olduğunu anlayırdı: “Azərbaycan güclü iqtisadiyyat qurmalı, peşəkar və təchiz olunmuş ordu yaratmalı və dünyada öz layiqli yerini tutmalı idi. Yalnız bu yolla ölkə regionun liderinə və qlobal siyasətin aktoruna çevrilə bilərdi. Ölkəmizin tarixində ölkənin bütövlüyünü bərpa edən, onun uzunmüddətli inkişaf konsepsiyasını hazırlayıb həyata keçirən, milləti öz ətrafında birləşdirən, milyonlarla soydaşımızı bir yumruğa çevirən ikinci belə lider olmamışdır. O, Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya göstərdi, öz ölkəsinin nüfuzunu, Azərbaycan xalqının ləyaqətini, özünə inam hissini artırdı”.