19 Oktyabr 2023 13:56
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh müqaviləsinin ilin sonuna kimi bağlanması ilə bağlı yanaşmalar birmənalıdır. Ermənistanın da bu məsələdə mövqeyini Nikol Paşinyan Avropa Parlamentində açıqlayıb. Çünki sülh müqaviləsinin imzalanmasının vaxtı uzandıqca bu, Ermənistanda hakimiyyətin əleyhinə işləyəcək. Ona görə də, konkret qərar verilməlidir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun fikrincə, bu proses başa çatmalıdır:

“Başa çatmadıqca, qeyri-müəyyənlik Ermənistan cəmiyyətində hakimiyyətin özünə qarşı çox ciddi addımların atılmasına səbəb olacaq. Çünki cəmiyyət bütövlükdə qeyri-müəyyənliyi sevmir. Hər zaman cəmiyyətlər konkretliyin olmasını istəyir”.

Partiya sədrinə görə, Qarabağ yükündən azad olmuş Ermənistan daha sərbəst qərar qəbul etmək fürsəti qazanıb:

“Bunu əldən qaçırsalar sonradan onu bərpa etmək mümkün olmayacaq. Çünki Azərbaycanın mövqeyi günü-gündən güclənir. Arqumentləri də kifayət qədər əsaslıdır. Ortada üçtərəfli (10 noyabr 2020) bəyanatın tələbləri var”.

Fazil Mustafa hesab edir ki, Ermənistan bütün bu məsələlərdən qurtulmaq, iqtisadi potensilı və gələcəyi üçün yol (Zəngəzur dəhlizi) açmalıdır:

“Bu yol açılmadıqca müharibə riski qalacaq, bu da Ermənistanın ziyanına işləyəcək. Ona görə də, belə bir ehtimal böyükdür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər