Fransanın Ermənistanı tam şəkildə silahlandırması mümkün deyil. Bu, çox böyük xərc tələb edir. Onlar bunu etməyəcək. Eyni zamanda həmin o silahların pulunu da heç kəs Parisə verməyəcək. Fransa daha çox Azərbaycan və Türkiyəyə qarşı təzyiq etmək, onları suveren hüquqlarını müdafiə etməkdən çəkindimək məqsədi güdür. Digər tərəfdən cəmiyyətin fikrini daxili problemlərdən yayındırmaq üçün bu cür addımlar atılır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Fransa Afrikada diplomatik uğursuzluqla üzləşdi:
“Ölkədə daxili qarşıdurma kifayət qədər yüksəkdir. Prezident Emmanuel Makronun fəaliyyətindən narazı olanların sayı durmadan artır. Ona görə də, belə gedişlər etməklə o, guya super güc olduğunu, digər beynəxalq aktorlarla bir sırada dayandığını göstərməyə çalışır”.
Millət vəkili hesab edir ki, Fransanın apardığı siyasət Makron dövründə yeni müstəmləkəçiliyin təzahürü kimi orataya çıxır:
“Makron Cənubi Qafqaz regionunu siyasi təsir altına almağa və öz şirkətləri üçün əlverişli şərait yaratmağa can atır. Ermənistanı məğlubiyyətdən xilas etməyə cəhd göstərir. Amma onun etdiklərinin hamısı əbəsdir. Makron Ermənistana etdiyi yardımlarla əksinə onun inkişafına, regionda sülhün yaranmasına böyük maneələr törədir” .
Aydın Mirzəzadəyə vurğulayıb ki, Fransa hakimiyyəti etdiklərinə görə, ilk növbədə özünə zərbə vuracaq:
“Fransa şirkətləri Azərbaycan və Türkiyədə əlverişli kontraktlarda iştirak edə bilməyəcək. Eyni zamanda onun beynəlxalıq aləmdə nüfuzu durmadan aşağı düşəcək. Ermənistanı silahlandırmaqla onun qonşu dövlətlərə münasibətini düzəltməyə deyil, militarizmə və daimi konfilikt içərisində yaşamağa sövq edəcək. Ona görə də, Fransanın addımları dövlət kimi öz nüfuzuna çox böyük zərbə vurur. O bu regiondakı ölkələrin maraqlarına zidd olan addımlarla uğur qazana bilməyəcək”.