26 Oktyabr 2023 18:20
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib.

Görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Azərbaycan Milli Məclisinin sədrini böyük səmimiyyətlə salamlayan Numan Kurtulmuş, ölkələrimiz arasında münasibətlərin bugünkü yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, Sahibə Qafarovanın bu səfərinin də əlaqələrimizə töhfə verəcəyinə inamını bildirib.

TBMM sədrinin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edir. Ölkələrimiz bir çox məsələlərin həllində ortaq hərəkət edir. O, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq və işbirliyi sayəsində regionda mövcud olan problemlərin həll mərhələsinə daxil olduğunu, bu əməkdaşlığın Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında vacib önəmini diqqətə çatdırıb.
Türkiyənin hər platformada Azərbaycanın yanında olduğunu söyləyən Numan Kurtulmuş artıq keçmişdə qalmış Ermənistanla Azərbaycan arasında münaqişənin Azərbaycanın iradəsi və gücü sayəsində həll olunduğunu, ölkəmizin öz ərazi bütövlüyünü və ədaləti təmin etdiyini söyləyib. O, ATƏT-in Minsk qrupunun uzun illər fəaliyyətsizliyini və problemin həlli üçün heç bir iş görmədiyini xatırladıb. Hazırda Azərbaycanın haqlı mübarizəsini əngəlləməyə çalışan dövlətlərin və bəzi lobbi dairələrinin olduğunu söyləyən TBMM sədri, Azərbaycanın diplomatiya sahəsində də qələbə qazanacağına inamını ifadə edib.

Spiker Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında yüksək səviyyəli qardaşlıq və dostluq münasibətlərinin əsasında xalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərləri dayandığını qeyd edib, bu gün dövlət başçılarımızın şəxsi dostluğu və qardaşlığı, siyasi iradəsi və qətiyyəti sayəsində bu münasibətlərin "Bir millət, iki dövlət" prinsipi əsasında bütün sahələr üzrə hərtərəfli inkişaf etdiyini və özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə çatdığını, iki il öncə imzalanmış Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrini tamamilə yeni müstəviyə qaldırdığını vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik, qarşılıqlı dəstək nümayiş etdirdiyini, həm sevincli, həm də kədərli, çətin günlərdə bir-birinin yanında olduğunu deyib. O, İkinci Qarabağ müharibəsinin ilk dəqiqələrindən etibarən, o cümlədən, cari ildə Azərbaycan ordusunun antiterror tədbirləri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyə dövlətinin və xalqının Azərbaycanın haqq işinə öz açıq siyasi və mənəvi dəstəyini nümayiş etdirdiyini xatırladaraq, qeyd edib ki, bu gün Azərbaycanla Türkiyənin birliyi və həmrəyliyi, birgə fəaliyyəti, həyata keçirdiyi irimiqyaslı layihələr regional və beynəlxalq səviyyədə sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verir.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü ilin həm Azərbaycanın, həm də Türkiyənin həyatında tarixi yubileylərlə zəngin olduğunu vurğulayaraq, bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün yüksək səviyyədə qeyd edildiyini, həmçinin Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün tamam olduğunu bildirib. Spikerin sözlərinə görə, bu bayram təkcə Türkiyənin deyil, bütün türk dünyasının bayramıdır.
O, qardaş Türkiyənin 100 ildə, xüsusilə son illərdə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə hərtərəfli inkişaf yolu keçdiyini və böyük nailiyyətlər əldə etdiyini, beynəlxalq münasibətlərdə də çox böyük nüfuz qazanaraq, qlobal güc mərkəzinə çevrildiyini, öz sözü olan dövlət olduğunu söyləyib.

Görüşdə dost və qardaş ölkələrimizin parlamentləri arasında da münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edilib. Milli Məclisin sədri Sahibə Qafarovanın bu vəzifədə qardaş ölkəyə ikinci dəfə rəsmi səfər etdiyi, həmçinin TBMM sədri Numan Kurtulmuşun bu vəzifəyə seçiləndən sonra xarici ölkəyə ilk rəsmi səfərini cari ilin iyul ayında məhz Azərbaycana etdiyi xatırladılaraq, qarşılıqlı səfərlərin, görüşlərin parlamentlərarası əlaqələrimizi daha da inkişaf etdirmək niyyətimizin ən böyük göstəricisi olduğu vurğulanıb.
Görüşdə parlament nümayəndə heyətlərimizin çoxsaylı qarşılıqlı səfərlərinin, beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətin, əlaqələndirmə və qarşılıqlı dəstəyin bu əlaqələrin əsas xarakterik xüsusiyyətləri olduğu qeyd edilib. Sahibə Qafarova bu çərçivədə, "Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında Saziş"in müttəfiqlik münasibətlərimizin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm əhəmiyyətini vurğulayaraq, ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli formatda əməkdaşlığın da uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova parlamentlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi, beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında əlaqələndirmə və qarşılıqlı dəstəyin əhəmiyyətini xüsusi vurğulayıb. O, təəssüflə qeyd edib ki, bu gün bəzi təşkilatlarda Azərbaycana və Türkiyəyə qarşı reallıqdan uzaq məlumatların yayılmasının, qərəzli, birtərəfli münasibətlərin nümayişinin şahidi oluruq. Ermənistanın Qərbdəki havadarları Ermənistanın bu yalan iddiaları əsasında Azərbaycana qarşı ittihamlar irəli sürürlər. Bir sıra beynəlxalq parlament təşkilatlarının, xarici ölkə parlamentlərinin qəbul etdikləri anti-Azərbaycan qətnamələrində bu dairələrin izləri açıq-aşkar görünür. Halbuki, onlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət bildirməyiblər. Milli Məclisin sədri bu cür bədnam kampaniyalara qarşı birgə addımların atılmasını, həmçinin, beynəlxalq parlament təşkilatlarının sessiyaları öncəsində heyətlərimiz arasında müntəzəm görüşlərin, məsləhətləşmələrin daha da gücləndirilməsini, eyni zamanda dost ölkələrin heyətləri ilə də təmasların artırılmasını zəruri hesab edib.

Görüşdə tərəflər qeyd ediblər ki, parlamentlərimizdəki dostluq qruplarının qarşılıqlı təmaslarının daha da genişləndirilməsi Milli Məclislə TBMM arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi böyük əhəmiyyət kəsb edir. Həmçinin, TÜRKPA çərçivəsində də səmərəli əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Spiker Sahibə Qafarova qeyd edib ki, ayrı-ayrı sahələr üzrə parlament komitələrinin əməkdaşlığının gücləndirilməsi birgə fəaliyyətimizə müsbət təsir göstərə bilər. Digər tərəfdən, parlament aparatlarının əməkdaşları arasında təcrübə mübadiləsi də faydalıdır. Bu mənada, Milli Məclis Aparatının nümayəndə heyətinin Türkiyəyə, Türkiyə Böyük Millət Məclisinin Baş katibinin nümayəndə heyəti ilə Azərbaycana səfərləri təqdir edilib.

Görüşdə spiker Sahibə Qafarova regionda mövcud olan vəziyyət, Azərbaycanın artıq öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsi, Azərbaycan dövlətinin həyata keçirdiyi antiterror tədbirləri haqqında da məlumat verib. O, bu tədbirlərin regional sülh, təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneəni - aqressiv separatizmi aradan qaldırmağa xidmət etdiyini, erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını, separatçı rejimin mövcudluğuna son qoyulmasını diqqətə çatdırıb. Spiker antiterror tədbirləri zamanı mülki əhalinin və mülki obyektlərin qətiyyən hədəfə alınmadığını, bununla bağlı bir dənə də olsun faktın mövcud olmadığını vurğulayıb. Hazırda Azərbaycan hökuməti Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində tədbirləri uğurla davam etdirir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər