28 Oktyabr 2023 09:05
2 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Prezidentin köməkçisi Hikmət Hacıyev Zəngəzur dəhlizinin Azərbaycan üçün cəlbediciliyini itirdiyini bildirdi. Ardınca Ermənistan Baş naziri Nikol Paşinyan açıqlama verdi ki, yol açıldıqdan sonra Azərbaycan üçün keçid prosedurlarını sadələşdirə bilərlər. Hesab etmək olarmı ki, İrəvan yola gəlir?

- Paşinyanın dedikləri pozitiv görünsə də, yenə də fikirlərinin konstruktiv olmadığı düşüncəsindəyəm. Əlbəttə, onun təqdim etdiyi xəritə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ehtiva etsə də, nəqliyyat xətləri ilə bağlı göstərdiyi istiqamətlər bu məsələdə konstruktiv olmadığını göstərir. Söhbət Zəngəzur dəhlizi və ya bölgədə açılacaq nəqliyyat xətlərindən gedir. Ermənistan 10 noyabr bəyanatı əsasında Zəngəzur üzərindən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yolların açılmasına razılıq vermişdi. Bu çərçivədə vətəndaşlarımızın maneəsiz və təhlükəsiz hərəkətinə təminat verməli idi. Keçid üçün həm avtomobil, həm də dəmir yolları açılmalıydı. Təxminən 35 il əvvələ qədər bölgədə həm dəmir, həm də avtomobil yolları işlək olub.

Ermənistan bizə yalnız Mehridən keçən dəmir yolu təklif edir. Avtomobil yolunun isə Gorus üzərindən (Laçın istiqamətindən) açılması təklifini verir. Başqa bir təklifi isə Kəlbəcər istiqamətindədir. Üçüncü yolu isə Qazax istiqamətindən. Təsəvvür edin ki, bizə 42 kilometrlik yolu kənara qoyub, 100-300 kilometrlik yoldan istifadəni təklif edir. Qeyri-ciddi və irrasional təkliflərdir. Bunu Paşinyanın növbəti nağılı kimi dəyərləndirirəm.

- Ermənistan baş naziri bilir ki, bunları qəbul etməyəcəyik, bəs niyə kommunikasiyaları açmağa hazır olduğunu deyir?

- Birincisi, Ermənistanı beynəlxalq ictimaiyyət qarşısında “sülhpərvər və konstruktiv” kimi göstərməyə çalışır. İkincisi, Azərbaycan Ermənistanın kaprizlərinə üç il dözdü, nəhayət, məsələni digər variantla həll etdi. Belə ki, biz İranla anlaşdıq, 42 kilometrlik Mehri yolundan keçəcək kommunikasiya xəttini İran üzərindən keçməsini razılaşdırdıq. Bu zaman məsafə 50 kilometr olur. Yəni bizim üçün dəyişən ciddi məsələ yoxdur. Azərbaycan bu addımla yenə də qeyri-konstruktiv mövqedə duran Ermənistanı iri regional layihədən kənarda qoydu.

Paşinyan əvvəl Mehridən keçəcək yolları “erməni qovşağı” adlandırırdı, indi “sülh kəsişməsi” deyir. Bunların hamısı utopiyadır. Bu səbəbdən də, Paşinyanın son çıxışını çox da ciddiyə almıram. Çünki Ermənistan son üç ildə eyni mövqeni sərgiləyir. Ermənistan müstəqil dövlət olmadığına görə müstəqil siyasət apara bilmir. Nəhayət, üç ildir Zəngəzur dəhlizi ilə bağlı oynadığı oyun bitdi. Naxçıvanla əlaqə məsələsini həll etdiyimizə görə, hazırda biz çox da maraqlı deyilik. Amma Ermənistan konstruktiv olsa, biz bu məsələyə yenə də müsbət baxırıq. Ermənistan yenə də manipulyasiya edəcəksə, termin üzərindən oyun oynayacaqsa, onda özü bilər.

Növbəti dəfə regional layihələrdən kənarda qalması Ermənistanın zərərinə olacaq. Sovet dönəmində açıq olan bu yollarla daşınmaların həcmi təxminən 10 milyon tona yaxın olub. Bu, kifayət qədər böyük rəqəmdir. Üstəgəl, indi bölgədə avtomobil yolları ilə daşınmalar həyata keçirilsə və enerji daşıyıcıları keçsə, Ermənistanın bunlardan nə qədər qazanacağını siz düşünün. Kifayət qədər böyük məbləğlərdən söhbət gedir. Amma Ermənistan özünü bunlardan kənarda qoyur. Ermənistan zamanı uzatdı və prosesi əngəllədi, Azərbaycan da öz məsələsini çözdü. Ona görə də, hazırda bu barədə daha çox düşünən Ermənistan olmalıdır, nəinki Azərbaycan.

- Ermənistan rəhbərliyi həm sülhə hazır olduğunu bəyan edir, həm də Fransa və Hindistandan silah alır. Bunu necə başa düşməliyik?

- Ermənistanın sülh prosesini irəli aparmaq əvəzinə Fransa və Hindistan kimi ölkələrin təhriki ilə silahlanmaya bu qədər vəsait yatırması göstərir ki, İrəvan sülhə hazır deyil, bu barədə düşünmür. Paşinyan müəyyən qədər güc toplasa, günün birində vaxtilə yol verdiyi “Qarabağ Ermənistandır” avantürasına yenidən baş vurmayacağına kim təminat verir? Həmin avantürası savaşa səbəb olmuşdu. Ermənistanın bəyanatlarında kifayət qədər ziddiyyət var. Hesab etmirəm ki, Ermənistan sülhdə maraqlıdır. Fransa maraqlı olmadığına görə, Ermənistan da deyil.

Ermənistan Fransanın timsalında özünə yeni himayədar tapıb. Fransa da bölgədə gərginliyin qalmasında maraqlıdır. Ermənistan da Fransanın təlimatları ilə hərəkət edir. Hindistan və Fransanın Ermənistanı silahlandırması bölgədə sülhə yox, savaşa yeni çağırışlar və təhlükəsizliyə ciddi təhdidlər yaradır. Amma Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki, bu silahlanma Azərbaycan ərazisi və onun vətəndaşları üçün təhlükə yaradacaq səviyyəyə gəlsə, biz özünümüdafiə hüququmuzdan istifadə edərək, lazımi tədbirlər görəcəyik. Buna kimsənin şübhəsi olmamalıdır.

- Ermənistan rəsmiləri birmənalı deyirlər ki, anklav problemi yoxdur. Üstəgəl, iddia edirlər ki, Ermənistanın Azərbaycana yox, Azərbaycanın Ermənistana qaytarmalı olduğu anklavlar var. Belə anlaşılır ki, Ermənistan Naxçıvan və Qazaxın kəndlərini qaytarmaq istəmir. Belə olan halda, anklavlar iki ölkə arasında yeni münaqişə ocağı ola bilərmi?

- “Ermənistanın Azərbaycanda anklavları var” ifadəsi Paşinyana məxsusdur, bu da növbəti təxribatçı bəyanatdır. Çünki Azərbaycanda yalnız bir anklav var, bu, Gədəbət ərazisində olan Başkənddir. Təəssüf ki, bu kənd sovet dönəmində qanunsuz olaraq Ermənistana verilib. Qazaxın və Naxçıvanın kəndlərinə gəlincə, Ermənistan bunları qaytarmalıdır, başqa variantı yoxdur. Ermənistan baş naziri rəqəmlərlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib. Bura Qarabağla yanaşı, həmin anklavlar da daxildir. Paşinyan növbəti dəfə söz oyunu və terminlər üzərindən manipulyasiya ilə məşğuldur. Qazax-Tovuz istiqamətində guya Ermənistanın anklavları olması ilə bağlı iddia səsləndirir. Xəritəyə baxdıqda bu iddianın nə qədər cəfəng olduğunu görürsən.

Ermənistanın davranışları göstərir ki, normal dildə anlamır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Avropa Şurasının rəhbəri Şarl Mişellə son telefon danışığında anklav məsələsini xüsusi qeyd etmişdi. Bildirmişdi ki, həmin 8 kənd Ermənistanın işğalı altındadır və bu ərazilər qaytarılmalıdır. Sadəcə Ermənistanı narahat edən budur ki, Kərki və Yuxarı Əskipara kəndləri strateji əhəmiyyətə malikdir. Ermənistanı İranla birləşdirən yol Kərkidən keçir. Kərkidən yan keçən yolun çəkilməsi böyük xərclər tələb edir, çətin relyef buna mane olur. Ermənistanı Gürcüstana bağlayan yol isə Yuxarı Əskipara kəndindən keçir. Ermənilər bu məsələlərdən narahat olduqları üçün prosesi uzatmağa çalışırlar. Prosesi uzatdıqca anti-Azərbaycan mövqeyində dayanan bəzi Avropa strukturlarını bir az körükləyib, məsələnin həllində öhdəliklərindən yayınmağa çalışırlar. Amma Ermənistanın yanında Fransa yox, kim olur-olsun, bunun bizim üçün önəmi yoxdur, həmin kəndlər geri qaytarılmalıdır. Başqa variant yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər