Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak ilə iki ölkə arasında neft-qaz, elektrik enerjisi sektorlarında və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.
“Rusiyanın ən böyük neft-qaz konserni Azərbaycanla işləyir və əməkdaşlığı genişləndirməyə hazırdır. Xüsusilə Rusiya karbohidrogenlərinin Azərbaycanın imkanlarında tranziti və emalı ilə bağlı bir sıra yeni təşəbbüslər var. Vəzifəmiz səylərimizi birləşdirməkdir”, – Novak vurğulayıb.
Tərəflər həmçinin Rusiya neft-qaz şirkətlərinin Azərbaycanda yeni hasilat layihələrində iştirakını, ölkədə yanacaq satışı üzrə bizneslərinin genişləndirilməsini, o cümlədən Tixoretsk – Bakı neft kəməri ilə Rusiya neftinin reversiv tədarükünün artırılması məsələlərini müzakirə ediblər.
İdxalın əvəzlənməsi siyasəti çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.