4 Oktyabr 2023 21:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

50 ildən sonra Azərbaycanda yenidən Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin təşkili Azərbaycanın hədəflərinin və prioritetlərinin müəyyənləşməsi baxımından vacibdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirakı və ölkəmizin başçısının çıxışı vacib açıqlamaların və mesajların verilməsi ilə yadda qaldı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Beynəlxalq Astronavtika Konqresi sovet ittifaqında yalnız bir dəfə keçirildiyini bildirib: “Növbəti dəfə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzundan xəbər veir. Ölkəmiz 10 ildən artıqdır ki, beynəlxalq kosmik ailənin üzvüdür. Azərbaycanın 2 peyki telekommunikasiya, 1 peyki isə yer səthinin müşahidəsini aparır. Eyni zamanda ölkəmizdə kosmik sənayenin inkişafı uğurla davam etdirilir. Yerli mütəxəssislərimiz tərəfindən idarə olunan peyklər 45-dən çox ölkəyə xidmət göstərir. Peyk dövlətinə çevrilmək Azərbaycan üçün strateji hədəflərdəndir. Prezident İlham Əliyev 2008-ci ilin 4 noyabr tarixində Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında Sərəncamı mühüm əhəmiyyət kəsb edir. 2010-cu ildə isə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi məqsədi ilə “Azərkosmos” ASC yaradılıb. Bunun davamı kimi 2013-cü ildə “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılması tarixi hadisə idi. Ölkəmizin ikinci peyki də kosmik fəzaya buraxılıb. 2014-ci ildə isə “Azersky” yerin məsafədən müşahidəsi peyki istifadəyə verilib. 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Məhz bu uğurlar Azərbaycanın strateji hədəflərinin göstəricisi hesab olunur”.

Millət vəkili hesab edir ki, qazanılan bütün uğurlar dövlətimizin beynəlxalq əməkdaşlıqda maraqlı olduğunu göstərir: “Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi regional və beynəlxalq layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi iştirak edir. 4-cü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. 120 dövlətin yekdil qərarı ilə bu mühüm posta seçilən Azərbaycan eyni zamanda Avropa inistutları ilə də sıx əməkdaşlıq edir. Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayan Azərbaycan bununla xarici siyasət gündəliyini nümayiş etdirmiş olur. Beynəlxalq Astornavtika Konqresinin ölkəmizdə keçirilməsi Azərbaycanın regionda aparıcı güc olduğunu göstərir”.

Deputat bildirib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb: “Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var. Bu mənada Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bakı Konqresi bu göstərici üzrə də Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub Fakt odur ki, ölkəmizdən təqdim edilən elmi məqalələr ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alıb”.

Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər