Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ASALA terror təşkilatı Ermənistan hakimiyyəti və Baş nazir Nikol Paşinyanı onu devirməklə hədələdi. Sizcə, ASALA-nın bu təhdidlərinin reallıq ehtimalı nə qədərdir? Terror təşkilatını kimlər fəallaşdırır?
- ASALA terror təşkilatı kimi 1980-ci illərdə yaradılıb. Yaxın Şərqdə Fransa və digər Qərb ölkələrinin xüsusi xidmət orqanları ilə əlaqədə idi. O zaman sovet KQB-sinin də bunda rolu olub. ASALA bu gün də sifarişləri yerinə yetirir. Əslində, bu cür bəyanatların Ermənistanın maraqlarına uyğun olduğunu da demək olar. Çünki Ermənistan beynəlxalq ictimaiyyətə, eləcə də Azərbaycana göstərməyə çalışır ki, ölkə daxilində müxtəlif qruplar, o cümlədən belə radikal təşkilatlar var, onlar Azərbaycanla sülhün əleyhinədirlər, buna görə də prosesi sürətləndirmək çətindir.
ASALA-nın təhdidləri müəyyən qədər ciddiyə alına bilər, amma mən onların Ermənistan daxilində terror aktları törədəcəyinə inanmıram. Arxalarında hansısa böyük bir dövlət durmasa, bunları etmək imkanları yoxdur. Nəzərə almaq lazımdır ki, Paşinyan Qərb tərəfindən ciddi şəkildə qorunur. Avropa Birliyinin Ermənistanda yerləşdirilmiş mülki missiyası, ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşlarının sayı, Qərbdən təlim adı altında ölkəyə göndərilmiş hərbçilər göstərir ki, Paşinyan hakimiyyəti qoruyan kifayət qədər qüvvə var. Bu baxımdan hesab edirəm ki, bu cür təhdidləri daha çox ASALA-nın özünü göstərmək maraqlarından irəli gəlir. Əlbəttə, bununla bağlı hansısa fikirlər də ola bilər. Amma bunlar həm də Paşinyanın maraqlarına cavab verir.
Məlumdur ki, Paşinyan sülh prosesini uzatmaqda maraqlıdır. Bunda Fransa və digər Qərb dövlətlərinin təsir və təhriklərini görürəm. Ona görə də, ASALA-nın təhdidlərini çox da ciddiyə almıram.
- Rusiya mediası və ekspertləri “Ermənistan “qırmızı xətti” keçdi” adlı bir tezis işləyirlər. Sizcə, bu tezisin ortaya atılması nədən xəbər verir? Məsələn, Rusiyanın bu ittihamları Ermənistana qarşı əməli addımlarla müşayiət oluna bilərmi?
- Mümkündür. Hazırda Ermənistanda müxtəlif maraqların, güclərin toqquşması baş verir, rəqabət gedir. Qərb və ya ABŞ-ın maraqları bəllidir: Rusiyanı bölgədən çıxarmaq. Rusiyanın da hədəfi məlumdur: bölgədəki üç əsrlik hegemoniyasını saxlamaq. Rusiyanın bu baxımdan Ermənistana təsir-təzyiq rıçaqları yetərincədir. Amma yaxın zamanlarda bu “qırmızı xətt”in keçiləcəyini düşünmürəm. Hazırda Rusiyanın Ermənistanda aranı qarışdırmaq maraqları yoxdur. Düşünürəm ki, hazırda bununla bağlı söylənilənlər xəbərdarlıq xarakteri daşıyır.
- Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması uzun müddətdir müzakirə olunur. Hətta Rusiya rəsmilərinin Ermənistanın timsalında bununla əlaqəli açıq ittihamları var. Rusiyanın bölgədə Qərblə əvəzlənməsi Azərbaycanın maraqlarına uyğundurmu?
- Bu, situasiyadan asılı olan məsələdir. Mövcud vəziyyətdən baxanda Qərblə münasibətlərimizdə müəyyən gərginliyin olduğunu söyləmək olar. Xüsusən də Fransanın başında durduğu Avropa strukturları ilə münasibətlərdə. Bunu Almaniya xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfərində də gördük. Düzdür, alman nazirin Azərbaycana qarşı mövqeyində aylar əvvəllə müqayisədə xeyli yumşalma var, yəni avqust-sentyabr aylarında Azərbaycana qarşı kəskin ittihamlar səsləndirən Berbok Bakı və İrəvanda olarkən mümkün qədər “neytral” qalmağa çalışdı, amma müəyyən məqamlarda ikili standartları gördük.
Azərbaycan maraqlıdır ki, bölgədə sabitlik və sülh olsun. Azərbaycanın təklif etdiyi 3+3 formatı da ona hesablanıb ki, bölgənin problemləri regional dövlətlər tərəfindən həll edilsin, bununla bir növ kənar qüvvələrin regiona girmələri əngəllənsin. Bu baxımdan, Azərbaycanın bölgə ölkələri ilə münasibətləri məlumdur. Türkiyə ilə əlaqələr bəllidir, Rusiya ilə “normal” demək olar, İranla da gərginlik aşılmış durumdadır.
Qərbin bölgəyə girməsi yerdə gərginliyin artmasına gətirib çıxarır. Qərb nə qədər sülhə çağırsa da, təəssüf ki, addımlarında bunu görmürük. Buna görə də, hesab edirəm ki, Qərb-Rusiya rəqabəti bölgəmiz üçün faydalı deyil.
- Hansı anlamda? Yəni Qərb-Rusiya rəqabəti Cənubi Qafqazda hansı gəlişmələrə yol aça bilər?
- Bu rəqabət ona gətirir ki, bölgədə sülhə maneələr yaranır. Məsələn, Ermənistan prosesi nəyin hesabına uzadır? Məhz Qərbdən, xüsusən də Fransadan edilən təzyiq və təhriklərlə. Yəni hazırda bölgədə sülhü əngəlləməyə çalışan güclərdən biri Qərbin müəyyən dövlətləridir, onların Ermənistana ciddi təsirləri var. Sülhün əldə olunmaması üçün o yöndən gələn təhdidlər bölgədə gərginliyi artırır. Məsələyə bu yöndən baxıram. Yəni Qərb-Rusiya rəqabəti bölgədə gərginliyin davam etməsinə şərait yaradır. Ona görə də, bu rəqabətin olmamasını arzulayıram.