10 Noyabr 2023 19:36
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi şəhərində 8 Noyabr-Zəfər bayramının üçüncü ildönümünə həsr olunan paradın keçirilməsi Azərbaycanın müasir tarixinə ən qürurverici günlərdən biri kimi yazıldı. Bu tarixi gün Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin paradda çıxışı düşmənə və onun havadarlarına torpağın əsl sahibinin kim olduğunu xatırlatmaqla yanaşı, onlara revanşist hislərini, məkrli planlarını bir kənara qoymaları üçün ciddi mesaj idi. Reallıq ondan ibarətdir ki, tarixi torpaqlarımızın işğaldan azad olunması nəticəsində haqq- ədalət bərpa olundu. 20 sentyabr 2023-cü il bizim tariximizdə əbədi qalacaq, necə ki, 8 Noyabr tarixi belə unudulmaz günlərdən biridir. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla da, separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Bu tarixi Qələbə Prezident İlham Əliyevin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu bir xalqın öz lİderi ilə həmrəyliyinin, birliyinin təntənəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. O, göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz cənab Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. Zəfər günündə Xankəndidə keçirilən hərbi parad bunun bir daha əyani sübutu oldu. Sözü və əməli bir olan Prezident İlham Əliyev çıxışı zamanı 20 il öncə Azərbaycan xalqına verdiyi vədi xatırladaraq deyib: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Bu gün yaşadığımız qürur və sevinc onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin sözü və əməli bir-birilə hər zaman vəhdət təşkil edib.

Şuşanın işğaldan azad olunması ilə nəticələnən hərbi əməliyyatın əhəmiyyətindən danışan millət vəkili Tamam Cəfərova vurğulayıb ki, Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və artıq bu gün Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, həmin gün qəbul etdiyimiz qərar düzgün idi. 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Xatırladaq ki, dörd il bundan əvvəl Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Azərbaycan ona və onun kimilərinə, eləcə də, onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdi ki, o Azərbaycan xalqına və dövlətinə qarşı böyük səhv edib. Xalq-Dövlət-Ordu birliyi, həmrəyliyi göstərdi ki, Qarabağ Azərbaycandır! Bundan sonra heç kəs Azərbaycanla hədə-qorxu, ultimatum üslubunda danışa bilməz.

Millət vəkili Tamam Cəfərova qeyd edib ki, cənab Prezident çıxışında söylədiyi hər bir fikir Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına mühüm mesaj idi. Bir məqamı xüsusilə vurğulamalıyıq ki, cənab Prezident çıxışında deyib: “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz”. Azərbaycan yeni müharibə istəmir. Bizə müharibə lazım deyil. Azərbaycan öz haqq işini uğurla yerinə yetirdi. Haqq-ədaləti, beynəlxalq hüququ, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Bundan sonra bizim üçün ən önəmli məsələ işğaldan azad etdiyimiz əraziləri yenidən qurmaq, keçmiş qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmalarını həyata keçirmək və həmin ərazilərin Azərbaycan iqtisadiyyatına və dünya iqtisadiyyatına reinteqrasiyasını reallaşdırmaqdır. Məlumdur ki, Azərbaycan dövləti xaricdən bir manat belə dəstək almadan bütün bu quruculuq işlərini təkbaşına həyata keçirir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin gücü və siyasi iradəsi bütün bunları təkbaşına etmək iqtidarındadır. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər