15 Noyabr 2023 09:05
4 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür Gürcüstanın Ermənistana silah-sursat daşıyan Fransaya yol verməsi müzakirə olunur. Gürcüstanın Azərbaycan üçün gözlənilməz olan bu addımının arxasında nələr var?

- Gürcüstan Avropa Birliyinə namizədlik statusu almağa çalışır. Çox güman ki, özlərinin bu statusa layiq olduqlarını göstərmək üçün bu addımı atıblar. Bu, Avropa Birliyinə yox, daha çox Fransaya aid məsələdir. Fransa Avropa Birliyinin region ölkələri ilə münasibətlərinin müəyyən edilməsində aparıcı rol oynamağa çalışır. Böyük ehtimalla, bu məsələdə Fransanın Gürcüstan-Avropa Birliyi münasibətlərində oynadığı rolla bağlıdır.

Bir neçə gün əvvəl Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Nikol Paşinyan Parisdə görüşmüşdü. Çox güman ki, orada bu məsələ bir daha müzakirə olunub.

Azərbaycana gəlincə, təəssüf ki, Gürcüstan hakimiyyəti reallığı olduğu kimi dərk etməyərək, Fransanın təzyiqi ilə bu addımı atdı. Biz də buna cavab olaraq, adekvat addım ata bilərik. Bəs onda nə olacaq?! Bu da bizə cari prosesləri başqa cür görməyə imkanlar yaradır.

- Avropa Birliyinin baş diplomatı Jozef Borrel deyir ki, birlik Ermənistana hərbi yardımın göstərilməsi imkanlarını nəzərdən keçirir. Fransa isə artıq Ermənistanı silahlandırmağa başlayıb. Sizcə, avropalılar nə etməyə çalışırlar, Ermənistanı silahlandırmaqda məqsədləri nə ola bilər?

- Əsas məqsəd Rusiyadır, Azərbaycan deyil. Rusiyanı sıxışdırmaq, Avropa Birliyinin iştirakı ilə Cənubi Qafqazda yeni təhlükəsizlik sistemi qurmaq istəyirlər. Məqsəd budur, regiondankənar ölkələr bölgəyə bunun üçün daxil olmağa çalışırlar. Yeri gəlmişkən, bu, təkcə Ermənistanla yox, həm də Gürcüstanla əlaqəli məsələdir. Gürcüstan da, Ermənistan da regionda Avropa Birliyinin forpostlarına çevrilirlər. Geosiyasi çəkişmələr bunun üzərindədir.

- Bəs Rusiya niyə Ermənistanın ondan uzaqlaşmasını belə sakit izləyir?

- Hazırda Rusiyanın Ermənistandakı hərbi-siyasi mövcudluğunu heç kim inkar etmir. Rusiyanı real olaraq sıxışdırmırlar. Digər yandan, Rusiyanın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün Ermənistan müxalifətinin əliylə bir neçə cəhdi olub. Amma bu cəhdlər alınmayıb. Hər dəfə bu səylər alınmadıqca, Paşinyan daha da cəsarətlənir.

Burada söhbət təkcə Rusiyanın istəyindən yox, həm də bu istəklərini nə qədər bacarıb-bacarmadığından gedir. Çox güman ki, Rusiya bacara bilmir.

- Borrelin iddiasına görə, Avropa Birliyi Bakıya xəbərdarlıq edib ki, Ermənistanın ərazi bütövlüyünün pozulması ikitərəfli münasibətlərin dəyişməsinə səbəb olacaq. ABŞ-dan da belə açıqlama olmuşdu. Qərb nədən bu qondarma iddiadan yapışıb qalıb?

- Qərbə burada hərbi-siyasi mövcudluğunu möhkəmləndirmək üçün hanısa “tezis” və ya bəhanə lazımdır. Bu da çox “gözəl bəhanə”dir ki, guya Azərbaycan Ermənistan ərazilərini ələ keçirmək istəyir, ona görə də belə addımları atırlar. Yəni atmaq istədikləri addımlara bir siyasi don geyindirmək lazımdır.

Qərb belə təəssürat yaratmağa çalışır ki, Azərbaycan təkcə Ermənistanın yox, həm də “Qərbin düşməni”dir. Qərb dairələri bizi digər düşərgələrə sürükləyirlər. Bu zaman bizim strateji olmasa da, taktiki tərəfdaşlarımız Rusiya, İran, Çin kimi ölkələr olur. Bu siyasət ona gətirib çıxarır ki, Ermənistanı tərəfinə çəkir, Azərbaycanı da özünə düşmən edir. Sanki Ermənistanı Azərbaycana dəyişdiriblər.

- Bəs Qərb niyə resursları, imkanları müqayisəsiz Ermənistandan üstün olan Azərbaycanı özündən kənarlaşdırır?

- Xristian həmrəyliyi, lobbiçilik, sivilizasiya fərqləri var. Belə məqamlarda bunların hamısı üzə çıxır. Onların məqsədi sivilizasiyalararası müharibə aparmaqdır. Qərbdə bu siyasəti həyata keçirən kimlərdir? ABŞ-ın indiki administrasiyası, Makron, Borrel... Xüsusən də Bayden və ətrafındakılar.

Onların hamısı köhnə təfəkkürdə olan insanlardır. Bu insanlar SSRİ və ABŞ arasında “soyuq müharibə” aparanların törəmələridir. Bütün məsələlərə köhnə təfəkkürlə yanaşırlar. Bioloji vaxtları gedir, amma təəssüf ki, hələ də hakimiyyətdədirlər.

- Həmişə Azərbaycanı dəstəklədikləri deyilən, amma hazırda fəallıqları nəzərə çarpmayan Britaniya, İtaliya kimi ölkələr mövcud proseslər fonunda harada dayana bilərlər?

- İtaliyadan başlayaq. İtaliyanın Avropa Birliyində Almaniya və Fransa ilə müqayisədə nüfuzu o qədər də yüksək deyil. Amma İtaliya öz imkanları daxilində Azərbaycana dəstək verir. Məsələn, dünən müdafiə naziri Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərində italiyalı həmkarı ilə növbəti dəfə görüşdü. İl ərzində İtaliya tərəfi ilə bir neçə belə görüş olub.

Baş verənləri təfsilatı ilə bilmirik, amma güman ki, çox ciddi məsələlər müzakirə edilir. Xüsusən də hərbi-texniki əməkdaşlıqla bağlı. Görünən budur ki, İtaliya bizə Qərbin digər ölkələri ilə konfliktə girməmək şərti ilə dəstək verməyə çalışır.

Britaniyanın da eyni mövqedə olduğunu düşünürəm. Britaniyanın nüfuzlu BP şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir. Eyni zamanda, Britaniyanın ayrı-ayrı siyasi dairələri Azərbaycanla sıx əlaqədədirlər. Amma britaniyalılar da Azərbaycana görə nüfuzlu aktorlarla üz-üzə qalmaq istəmirlər. Ona görə də, dəstəklərini pərdə arxasında verirlər.

- Ermənistan silah aldığı yerlərin sayını artırır: Fransa, Hindistan və sair. Bəs Azərbaycan kimlərdən silah ala bilər? Məsələn, Türkiyə, İsrail və artıq danışıqların başladığı bildirilən İtaliyadan başqa.

- Məsələn, Çin. Müdafiə nazirimiz bu yaxınlarda Çində olub, danışıqlar aparıb. Çinin Fransa yox, Hindistandan alınan silahlara qarşı təcrübəsi var. Məsələn, Pekin Hindistan silahlarının effektivliyini azaltmaq üçün Pakistan ordusuna yardım edir. Başqa ölkələr də var. Məsələn, Serbiya, beynəlxalq arenada sözünü demiş Cənubi Afrika Respublikası (CAR). Azərbaycanın CAR-la da münasibətləri var.

Bu ölkələrlə əməkdaşlıq edərək öz işimizi görə bilərik. Elə Pakistanın adını çəkmək mümkündür ki, bu ölkə ilə hərbi sahədə əməkdaşlığımız yüksək səviyyədədir.

Bizim bu ölkələrdə əməkdaşlıqda məqsədimiz təkcə silah-sursat almaq yox, eləcə də həmin silahların ölkəmizdə istehsalını təmin etməkdir. Düşünürəm ki, işlər bu istiqamətdə getməlidir və gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər