16 Noyabr 2023 09:05
26 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan Baş naziri Nikol Paşinyan MDB-dən sonra KTMT-nin də sammitinə qatılmaqdan imtina etdi. Rusiya əleyhinə addımları nümayişkaranə xarakter alan Ermənistan rəhbəri hara qədər gedəcək?

- Paşinyan getdikcə Rusiya ilə münasibətləri korlayır. Əlbəttə, Moskvada bundan narazıdırlar. Rusiyanın iki “qırmızı xətt”i var ki, Paşinyan bunları keçsə, münasibətlər son həddə qədər gərginləşəcək. Bundan sonra Rusiya Ermənistana qarşı iqtisadi təzyiq alətlərini işə sala bilər. Ermənistanın KTMT-dən çıxması və Rusiyanın bu ölkədəki hərbi bazalarının bağlanması Moskvanın “qırmızı xətlər”idir.

Hiss olunur ki, Paşinyan artıq KTMT ilə “sağollaşmaq” istəyir. Onun KTMT-nin Belarus toplantısına qatılmamasının başqa adı yoxdur. Paşinyan zəng edən Lukaşenkoya bidirdi ki, gəlməyəcək. Belarus lideri də onu xəbərdar edib ki, yanlış yoldadır. Bu o deməkdir ki, Paşinyan ölkəsini bu təşkilatdan çıxarmağa hazırlaşır, artıq zəmin var. Qərblə yaxınlaşırlar, Fransadan hərbi texnika alırlar, Ermənistandakı Avropa Birliyi missiyasının sayı artırılır. Paşinyan bununla cəmiyyəti və Rusiyanı ona hazırlayır ki, Ermənistan yaxın zamanda KTMT-ni tərk edəcək.

- Bəs Paşinyanın Rusiyanın “qırmızı xətlər”ini keçəcəyi ehtimalı nə qədərdir?

- Məncə, keçməyə hazırlaşır. Yəqin ki, buna görə hansı cəzanı alacağını da hesablamaq məcburiyyətindədir. Amma zənnimcə, birinci addımı atmağa hazırlaşır. Rusiya hərbi bazalarını çıxarmaq daha müşkül məsələdir. Çünki bununla bağlı 2044-cü ilədək sazişləri var. Paşinyanın fikrincə, daha asan məsələ KTMT-dən çıxmaqdır. Qərb də - Avropa Birliyi, ABŞ və Fransa Paşinyanı buna təhrik edir. Qərbin buna görə Azərbaycana təzyiqi artıb. Paşinyan və Avropa Birliyinin bəhanəsi budur ki, guya Azərbaycan Ermənistan ərazilərini nəzarətə götürmək istəyir, bu səbəbdən də müşahidə missiyasının sayı artırılmalıdır. Amma bu bəhanədir.

Bizim Ermənistan ərazisində gözümüz yoxdur, baxmayaraq ki, oranın böyük hissəsi tarixi ərazilərimizdir. Sentyabrın 19-dan sonra sərhəddə tam sakitlikdir, atışma da yoxdur. Bunlar ondan xəbər verir ki, Azərbaycanın Ermənistana hərbi müdaxilə kimi planı yoxdur. Amma bizdən “xoxan” düzəldirlər, əslində, hədəfləri Rusiyadır. Azərbaycan bəhanəsi ilə müşahidə missiyasının sayını artırırlar. Məqsədləri isə Rusiyanı Ermənistanda sıxışdırmaqdır. Rusiya da bunu görür, ona görə də tez-tez Moskvadan açıqlamalar gəlir ki, Avropa Birliyi missiyasının əsas məqsədi sərhəddə monitorinq aparmaq yox, Rusiya və İran haqda kəşfiyyat məlumatları toplamaqdır.

- Rusiyanın cəza üsulu necə ola bilər, təkcə iqtisadi amillərlə məhdudlaşacaq? Rusiyalı ekspertlər artıq Ermənistan rəhbərliyini “Ukrayna ssenarisi” ilə hədələməyə başlayıblar.

- Rusiya İkinci Qarabağ Müharibəsindən sonra Paşinyanı devirmək istəyirdi. Amma alınmadı. Seçki yolu ilə cəhd etdilər, cəmiyyət Paşinyana səs verdi. Küçədən devirə bilmədilər, çünki cəmiyyətin müxalifətə dəstəyi olmadı. Hərbi yolla istədilər, Paşinyan dərhal Baş Qərargah rəisini dəyişdi. Bəlkə də Rusiyadakı mərkəzlər terror üsuluna əl ata bilərdilər, amma Paşinyan bu təhlükəni gördüyündən cangüdənlərinin sayını artırdı. Amerika da onu kifayət qədər qoruyur və kəşfiyyat məlumatlarını da Paşinyana ötürürlər. Yerdə ancaq iqtisadi təzyiq alətləri qalır. Bunlar kifayət qədər güclü alətlərdir. Məsələn, Rusiya Ermənistana ucuz qaz satır. İndi Rusiya qazın qiymətini qaldırsa, ümumiyyətlə, qazın satışını dayandırsa, üstəgəl, Ermənistan məhsullarından imtina etsə, nə baş verərdi? Ermənistan öz məhsullarını ancaq Rusiya bazarlarına satır, Fransa və ya ABŞ-a yox. Fransa və Amerikanın öz standartları var, erməni məhsullarını istəmirlər.

Rusiya iqtisadi təzyiq alətlərindən istifadə edə bilər. Məncə, hələ ordu yeritmək haqda düşünmürlər. Paşinyan “qırmızı xətlər”i keçsə, iqtisadi alətlərdən istifadə edəcəklər. Bu da nəticə verməsə, o zaman Kremldə “Ukrayna variantı” üzərində ciddi düşünə bilərlər.

- Avropa Birliyi və Fransadan sonra ABŞ da Ermənistana hərbi-iqtisadi vədlər verdi. Sizcə, Qərb Ermənistanı nə qədər gücləndirə bilər?

- Bunun heç bir perspektivi yoxdur. Nə qədər gücləndirsələr də, Ermənistanın Azərbaycanla başa-baş gələcək imkanları yoxdur. Fransa Ermənistana hərbi maşınlar verir, bunlar balansı dəyişməyəcək. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən dəfələrlə çoxdur, əhalimizin sayı da getdikcə artır, ermənilərdə isə ilbəil azalır. Yəni nə qədər silah-sursat versələr də, balansı dəyişə bilməyəcəklər. Qərbin də məqsədi Ermənistanla Azərbaycan arasında balans yaratmaq deyil, Rusiyanı bu ölkədən çıxarmaqdır - əsas məqsədləri budur.

Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi bizim üçün də faydalı olardı. Hesab etmirəm ki, ABŞ bölgədə Azərbaycana təhlükə yarada bilər. İkincisi, Fransadan alınan silahlar Azərbaycan üçün təhlükə mənbəyi deyil. Əksini düşünürəm, bu, bizim manevr imkanlarımızı artıracaq. Birinci Qarabağ Müharibəsindən sonra Avropa dövlətlərinin ümumi qərarı vardı ki, Azərbaycan və Ermənistana silah satmasınlar. Otuz il bu qərara riayət etdilər, Fransa isə bunu pozdu. Embarqo qalxıbsa, biz də rahatlıqla Avropanın digər dövlətlərindən silah-sursat, texnika ala bilərik. Məsələn, İtaliyadan. İtaliya Avropada bizim əsas ticarət tərəfdaşımızdır.

İtaliyanın hərbi təyyarələrinə marağımız var. Bu günlərdə müdafiə naziri Zakir Həsənov məsələni italiyalı həmkarı ilə geniş müzakirə edib. Əlbəttə, Fransanın addımlarından rəsmi narahatlıqlarımızı bildirməliyik, amma çox rahatlıqla Türkiyə və İsraillə yanaşı, Avropa dövlətlərindən, məsələn, İtaliya, Polşa və Çexiyadan texnika və silah-sursat ala bilərik. Fransa onlara təzyiq edə bilməyəcək. Məsələn, Fransa İtaliyaya təzyiq etsə, ona deyə bilərlər ki, sən Ermənistana satırsansa, mən də əsas ticarət tərəfdaşım Azərbaycana satıram.

- Britaniya və Ermənistan arasında ilk dəfə strateji dialoq baş tutdu. Dialoqda iştirak edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iddia edir ki, Britaniya ilə münasibətlər yeni səviyyəyə keçir. İndiyədək Azərbaycanla yaxın əlaqələri, strateji tərəfdaşlığı ilə diqqət çəkən Britaniya da mövqeyini dəyişir?

- Britaniya Azərbaycanın strateji tərəfdaşıdır. Britaniyanın əfsanəvi baş nazirinin belə bir kəlamı var: Britaniyanın əbədi dostları və düşmənləri yoxdur, əbədi maraqları var. Britaniyanın marağındadır ki, Azərbaycanla tərəfdaşlıq inkişaf etsin. Əslində, bu, BP-yə görədir. BP-nin Azərbaycanda böyük maliyyə maraqları var. BP olmasaydı, bilmək olmazdı ki, Britaniya Azərbaycanla sıx tərəfdaş olardı, ya yox. Maraqları var. Sağ olsun, Britaniya bu tərəfdaşlığa riayət edir. Hətta Fransa İkinci Qarabağ Müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək istəyəndə, Britaniya buna mane olmuşdu.

Ermənistan da Britaniya ilə tərəfdaşlığın yollarını axtarır. Əlbəttə, İrəvan Londonla münasibətlər qura bilər, amma Britaniyanın Azərbaycana xəyanət edəcəyini düşünmürəm. Çünki Londonun bölgədə əsas maraqları Azərbaycanla tərəfdaşlıqdan keçir. İndi Ermənistanla da müəyyən münasibətlər qura bilərlər, bunda Azərbaycan üçün böyük təhlükə görmürəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər