Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Cümşüd bəy, ABŞ Azərbaycana qarşı sülh bəhanəsi ilə açıq şantaj yolunu seçib. Ermənistanla razılaşma olmasa “907-ci” düzəlişin gündəmə gəlməsindən bəhs edilir. Bu təzyiqlər fonunda sülhün əldə olunması nə dərəcədə məntiqlidir?
- Əslində, ABŞ-dan bu davranışların olması gözlənilən idi. Çünki Vaşinqton yarıtmaz fəaliyyətini Azərbaycanla konpensasiya etmək istəyir. Reallıq odur ki, Co Bayden administrasiyası bu işləri bacarmır. Amerikada bütün işləri dərin dövlət idarə etsə də, Baydenin yarıtmaz siyasəti belə bir mənzərə yaradıb. Bu gün ABŞ mediası belə Azərbaycanı Rusiyaya yaxınlaşmaqda ittiham edilər. Fakt isə odur ki, Azərbaycanla Rusiya arasında 2022-ci ildə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Ona görə də Azərbaycanla Rusiya məhz bu müstəvilərdə münasibət saxlayır. Bu gün İranla Azərbaycan arasında da münasibətlər artıq normal məcraya düşür. Bu baxımdan da ABŞ-ın heç bir ixtiyarı yoxdur ki, Azərbaycana öz qonşuları xüsusilə də Rusiya və İranla münasibətlərini korlamaq üçün hansısa göstəriş versin. Görünən odur ki, “ABŞ mənim düşmənim, sənin düşmənin” olmalıdır prinsipi ilə çıxış edir. ABŞ-ın 2015-ci ildə qəbul etdiyi doktrinasında da Amerika nə desə, dünya onu qəbul etməlidir tezisi irəli sürülüb. Hazırda da ABŞ-ın “Ağanəzərəm, belə gəzərəm” siyasəti qəbul edilməzdir.
- ABŞ-ın regionla bağlı aktiv fazada iş aparmaq cəhdi nəyə hesablanıb?
- Vaşinqtonun əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Bunlar isə Azərbaycanın maraqları çərçivəsində deyil. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmək niyyətində idi və buna da nail oldu. Bu, Azərbaycanın 2004-cü ildə qəbul edilmiş Təhlükəsizlik Konsepsiyasında öz əksini tapıb. Eyni zamanda 2007-ci ildə Milli Təhlükəsizlik haqqında qanun qəbul edilib. Azərbaycan öz qəbul etdiyi qanunlara uyğun olaraq təhlükəsizliyini və ərazi bütövlüyün təmin etdi. Fakt isə o idi ki ABŞ-ın özü də Minsk Qrupunda həmsədr kimi bu işə bir fayda vermədi. Minsk Qrupuna daxil olan dövlətin heç biri Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret addım atmaqda çətinlik çəkdilər.
- İndiki halda Azərbaycanı hədəfə almaqda məqsəd nədir?
- ABŞ-ın Rusiyaya gücü çatmırsa, Azərbaycanın da daxili işlərinə və regiona müdaxilə etməməlidir. Ona görə də bu kimi yanaşmalara səssiz qalmaq olmaz. Eyni zamanda Azərbaycanın Amerika siyasətini eyni tərzdə həyata keçirmək kimi öhdəliyi yoxdur. Çünki hər bir ölkə öz milli maraqlarına uyğun siyasət həyata keçirir. Bu dövlətin adı ABŞ yox, Azərbaycandır. Azərbaycan öz Konstitusiyasına, Təhlükəsizlik Konsepsiyasına uyğun siyasət aparır.
- Sülhlə bağlı qaldırılan iddialar hansı məntiqə əsaslanır?
- Sülhlə bağlı prinsiplərdən Azərbaycan imtina etməyib. Azərbaycan Ermənistana şərtlərini irəli sürüb. Amma qarşı tərəf buna adekvat deyil. Reallıq odur ki, ABŞ sülh məsələsindən öz üçün manipulyasiya edir. Vaşinqton Nikol Paşinyanın əli ilə Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir. Paşinyanın nə ağlı var ki?.. Amerikanın seçimi yanlışdır. Bu isə Azərbaycanın günahı deyil
- ABŞ və Qərb yeni Ermənistan siyasəti açıq müstəviyə keçib. Bunu yeni savaş hazırlığı kimi izah edənlər var. Bu tendensiyanı daha çox hansı rakursdan görmək mümkündür?
- Bütün bunların hamısı Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına hazırlanmış bir gedişdir. Rusiya Lavrovun dili ilə buna cavab verdi. Təəccüblüsü də odur ki, ABŞ Ermənistan kimi marionet bir ölkə ilə böyük siyasət həyata keçirmək istəyir. Amerika nə günə qalıb ki, Paşinyanın əli ilə Qafqazda belə bir siyasət yürüdür. Bu, sözsüz ki, alınmayacaq. Fakt odur ki, ABŞ və Avropa İttifaqının həyata keçirmək istədiyi siyasət işğalçılıq mahiyyəti daşıyır. Onlar Ermənistanın bir dövlət kimi məhv olmasını istəyirlər.
- Yaxın vaxtlarda Azərbaycana qarşı hərbi təxribatların törədilməsi hallarının olacağı ehtimalları dilə gətirilir. Rəsmi İrəvanın bu təlimatlar əsasında hərəkəti nələrə səbəb ola bilər?
- Ermənistan indiki halda Azərbaycan sərhədlərinə yaxınlaşsa belə onun üçün ağrılı günlər başlayacaq. Fransa və Hindistanın Ermənistana verdiyi keyfiyyətsiz silahlar onu xilas etməyəcək. KTMT-nin də bura müdaxilə etməsi mümkün olmayacaq. Çünki KTMT II Qarabağ müharibəsində də Ermənistana yerini göstərdi. Azərbaycan bu təşkilatın üzvü olmasa belə orada mövqeyi çox güclüdür. Ermənistan Azərbaycan sərhəddinə hücum etməsi bizim üçün bir çox hüquqi əsaslar yaradacaq. 1920-ci ildə Azərbaycan əraziləri 114 min kv km olub. Beləliklə də Azərbaycan özünün tarixi sərhədlərinə yəni, 114 min kv km-lik ərazilərinə qayıdacaq. Beləliklə, Ermənistan Zəngəzuru, Dərələyəzi, Göyçəni də itirəcək. Ermənilər mövcud olduqları 9 min kv km-lik ərazidə oturandan sonra bəlkə ağılları başlarına gələr.