26 Noyabr 2023 20:36
269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzdir. Ölkəmiz bugünlər daha bir mühüm hadisə yaşadı. Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Dövlətimiz bu sammitə yüksək səviyyədə ev sahibliyi etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan 2002-ci ilun noyabrında SPECA-ya üzv qəbul edilib. Həmin vaxtdan etibarən respublikamız proqramın həyata keçirilməsində xüsusi fəallıq göstərir. 2006-cı ildə Bakıda Proqramın İdarəetmə Şurasının 1-ci iclası və Biznes-Forum keçirilib. 2007-ci ildə Xarici İşlər və İqtisadi İnkişaf nazirlikləri tərəfindən irəli sürülmüş Ticarətə Yardım mexanizminə qoşulmaq təşəbbüsü üzrə 1-2 dekabr 2010-cu il tarixində Bakı şəhərində Nazirlər Görüşü keçirilib. Azərbaycan 2016-cı ildə SPECA-ya sədrlik edib. 2023-cü ildə SPECA-ya sədrliyi növbəti dəfə Azərbaycan Respublikası həyata keçirir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan geniş Avrasiya coğrafiyasının mühüm nəqliyyat hablarından birinə çevrilməkdədir. Regionda ölkəmizin rolu o qədər artıb ki, artıq qeyd olunan geniş coğrafiyanın ən aktual nəqliyyat məsələləri məhz Azərbaycanda müzakirə olunaraq mühüm qərarlar qəbul olunur. Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən mühüm faktorlardan biri qismində son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu çıxış edir. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya olunmuş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Həmçinin respublikamızda SPECA-nın üzv dövlətlərinin də qoşulduğu Orta Dəhlizin hər iki marşruta bağlantıları var. Ötən dövrdə respublika üzrə hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, yüzlərlə körpü, keçid inşa olunub. Hazırda Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir.

Sevinc Fətəliyeva qeyd edib ki, Bakıda keçirilən Zirvə görüşündə bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər. Prezident İlham Əliyev çıxışında iyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf etidiyini, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşünün ilk dəfə keçirildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı vurğulayıb: “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”. Cənab Prezident həmçinin qeyd edib ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil: “Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar”.

“Ümumiyyətlə, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Bir sıra qlobal məsələlərdə Prezident İlham Əliyevin liderlik funksiyasını öz üzərinə götürməsi, bunun üzv ölkələrin rəhbərləri tərəfindən yekdilliklə qəbul edilməsi və alqışlanması dövlətimizin başçısının şəxsi nüfuzunun və ona göstərilən dərin hörmətin təzahürüdür. Bu baxımdan, SPECA müstəvisində həyata keçirilən siyasət, Bakıda baş tutan Zirvə görüşü böyük əhəmiyyət kəsb edir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı