30 Noyabr 2023 09:05
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ağ Ev təzyiqlərlə Bakının mövqeyinə hər hansı təsir göstərə bilmədiyi üçün ritorikanı dəyişdi. Amma bundan sonra da yeni “mexanizmlərin” dövriyyəyə buraxılmasından bəhs edilir...

- ABŞ-ın bu ritorikasının məqsədi Azərbaycanın mövqeyini dəyişmək yox, erməni ictimaiyyətinin könlünü almaq üçün idi. Artıq erməni ictimai rəyində qarşıdurma mövcuddur. Ruspərəstlərlə, qərbpərəstlər arasında gərginlik var. Bu baxımdan ABŞ-ın son davranışlarındakı əsas hədəf heç də Azərbaycanla bağlı deyildi. Sadəcə olaraq format etibarı ilə bizə nəsə iradlar tutulur. Amma əslində bu belə deyil.

- Nikol Paşinyan sərhəd komissiyasının görüşündən sonra Azərbaycanın sülhdə nə qədər maraqlı olacağı iddiasını səsləndirib. Bu, hansı məntiqlə izah oluna bilər?

- Sülhün istənilib-istənilməməsi siyasi ritorika ilə bağlıdır. Ermənistan məhz bu ritorikadan istifadə edir. İrəvanın istəyi odur ki, onun təklif etdiyi ərazilərlə bağlı dəstək alsın. Bu baxımdan Paşinyan elə görüntü yaratmaq istəyir ki, guya o, sülhpərvərdir. Amma təbii ki, bu belə deyil. Bu ritorika hər kəsə bəllidir. Burada təzə bir şey yoxdur.

- Ermənistanın indiki halda kommunikasiyalar üzərində daha çox vurğu ilə dayanması nə ilə bağlıdır?

- Zəngəzur dəhlizi ilə bağlı yanaşmalar fərqlidir. Dəhliz məsələsində Azərbaycanın mövqeyi aydındır. Eyni zamanda burada Ermənistanın öhdəliyi var. Azərbaycan tələb edir ki, Ermənistan bu öhdəliyi icra etsin. Ermənistan isə bundan açıq şəkildə imtina edir.

- İrəvan bunau nə ilə əsaslandırır?

- Erməni tərəfi dəhlizin ancaq öz nəzarəti altında açılmasına maraqlı olduğunu bəyan edir. Belə olan halda isə Azərbaycan İran ərazisindən keçən dəhlizi seçib. Burada Ermənistanın Azərbaycana irad tutması yersizdir. İrəvan Bakıya yolları açmaqla bağlı müraciət etsə, Azərbaycan ondan öhdəliklərin icrasını tələb edəcək. Bu, açıq mövqedir.

- Sərhədlərlə bağlı Almatı bəyanatı gündəmə gətirilir. Erməni tərəfinin israrla buna istinad etməsində məqsədi nədir?

- Ermənistan indi iddia edir ki, o vaxt Azərbaycan ərazisini Almatı bəyannaməsinə uyğun olaraq tanıyıb. Amma burada qaranlıq qalan məsələ həmin vaxtdan sonra baş verənlərlə bağlıdır. Bu suallar açıq qalır. Çünki həmin tarixdən sonra Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Eyni zamanda həmin razılaşmada Ermənistanın etmiş olduğu düzəliş var.

- Həmin düzəlişdə hansı məsələlər əks olunub?

- Burada qeyd edilib ki, Ermənistanın ərazi bütövlüyü Qarabağla birlikdə götürülür. Bunu rəsmi şəkildə bəyan ediblər. Belə olan halda Almatı sənədini Ermənistanın özü ləğv edib. Özləri bu razılaşmanı ləğv edib, yenidən onu gündəmə gətirməklə tamam başqa məqsədlər güdürlər.

- Azərbaycanın arqumenti nəyə hesablanıb?

- Bakı danışıqlara hazır olduğunu bəyan edir. Amma İrəvan müzakirələrin onun təklifi əsasında getməsini istəyir.

- Sizcə danışıqlar necə aparılmalıdır?

- Müzakirələr şərtlərlə başlamamalıdır. Faktiki olaraq indiki halda Ermənistan Azərbaycana qarşı şərt qoyur. Bu da Almatı razılaşmasının tanınması ilə bağlıdır. Ona görə də, məsələnin bu cür qoyuluşu məntiqdən uzaqdır.

- Burada kənar amillərin təsirini necə dəyərləndirmək olar?

- Təəssüf ki, bu reallıq var. Regiondan kənarda olan oyunçular da bu mövzunu dəstəkləyir. Amma Azərbaycan öz mövqeyində qalır. Bu da haqlı mövqedir.

- Kəndlərin təhvil verilməsi ətrafında hazırda erməni tərəfi manipuliyasiya edir. Bu məsələ necə həll olunacaq?

- Burada güc tətbiqi amili istisna edilmir. Çünki Azərbaycanın məqsədi ərazi bütövlüyünü bərpa etməkdir. Bakı bu siyasətdən dönən deyil Ermənistanın da imkanı varki hazırkı mərhələdə bu mövzular ətrafında danışıqlara getsin. Azərbaycanın sülh danışıqları üçün Tiflis və yaxud sərhəddə ikitərəfli qaydada bu məsələlərin müzakirəsini təklif etməsi daha optimal seçimdir. Əgər Ermənistan bunu istəmirsə deməli o danışıqlardan imtina edir. Belə olan halda Azərbaycan bu məsələlərə aid ölçü götürəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər