30 Noyabr 2023 14:30
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyanın “üç şərtlə” bağlı iddiası Azərbaycanın təklif etdiyi 5 pinsipin içərisindədir. Bu, yeni bir şey deyil. Erməni tərəfinin “sülh qovşağı”, kommunikasiyaların kəsişməsi və digər məsələlərlə bağlı məqsədli təşəbbüslərində də substantiv, tutarlı bir əsas yoxdur.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret təklifi var: “Çünki bu dəhlizin yaradılması fonunda bölgədə nəqliyyat qovşağı formalaşır. Kommunikasiyalar isə Naxçıvan, Culfada kəsişir. Buradan İrana yol açılır. Ermənistan da bundan faydalanacaq. Gələcəkdə Türkiyə ilə də əlaqələr qurulacaq”.

Mərkəz sədri hesab edir ki, indiki halda erməni tərəfi boş piarla məşğuldur:

“Qərbdən verilən təlimat bunu formalaşdırır. Ümumiyyətlə isə sülh müqaviləsinin konkret nə zaman imzalanması haqqında fikir bildirmək çətindir. Bir çox detalların olması fonunda yaxın zamanda sülhün imzalanması real görünmür. Çünki müxtəlif oyunlar gedir. Ermənistan Qərb vasitəsi ilə Azərbaycana təzyiq etmək istəyir”.

Fərid Şəfiyevə görə, erməni tərəfinin Azərbaycanla təkbətək görüşdən qaçması da məhz bu amillərlə bağlıdır:

“İrəvan Qərbdə - Vaşinqton, Brüsseldə bu görüşün olmasında maraqlıdır. Bu, Azərbaycana təzyiq niyyəti ilə edilən cəhddir. Ona görə də, ilin sonuna kimi sülhün olacağına inam yoxdur. Eyni zamanda burada hansısa bir möhlətdən danışmaq da düzgün deyil. Çünki vəziyyət daha mürəkkəbdir”.


Müəllif: Tapdıq Qurbanlı